Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonu ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən verilən məlumata görə, araşdırma zamanı Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsi Mikayıl Müşfiq küçəsində, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi Həsrət Ağamalıyev küçəsində və Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 19 min 460 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.