Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər
Şərqi Afrika tektonik proseslər səbəbindən yavaş-yavaş parçalanmağa davam edir ki, bu da gələcəkdə yeni bir dənizin yaranmasına səbəb ola bilər. Bu, Efiopiyanın Afar bölgəsində geoloji aktivliyi araşdıran beynəlxalq alimlər qrupu tərəfindən əldə edilən nəticədir.
AZƏRTAC “Ecoticias”a istinadla xəbər verir ki, tədqiqatın nəticələri dünyanın ən qeyri-sabit rift zonalarından birində proseslərin kəskin artdığını göstərir. Mütəxəssislər nəhəng maqmatik bəndin - təxminən 50 kilometr uzunluğunda ərimiş süxurlarla dolu şaquli çatın əmələ gəlməsi nəticəsində yerin əhəmiyyətli dərəcədə yerdəyişməsini qeydə alıblar.
Alimlərin fikrincə, maqma yüksək təzyiq altında iki vulkanik mərkəz arasında bir qırığa girərək yer qabığının deformasiyasına və 300-dən çox zəlzələyə səbəb olub. Bəzi təkanların gücü 5,9 bala çatıb.
Afar bölgəsi geoloqlar üçün xüsusilə maraqlıdır, çünki burada üç əsas tektonik lövhənin sərhədləri - Ərəbistan, Nubiya və Somali lövhələri birləşir. Bu lövhə hərəkətləri nəticəsində Yer qabığı tədricən nazikləşir və aşınır.
Tədqiqatçılar bu prosesin milyonlarla il davam edəcəyinə inanırlar. Nəticədə qurunun bir hissəsi dəniz səviyyəsindən aşağı düşə bilər, bundan sonra Qırmızı dəniz və Ədən körfəzinin suları yaranan çökəkliyi su altında qoyacaq.
Alimlər hesab edirlər ki, gələcəkdə mövcud səhranın yerində yeni dəniz və sonradan yeni okean hövzəsi belə yarana bilər.

