Bakıda bağçanın damında qanunsuz tikinti aparıldığı iddia edilir - VİDEO

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qurbanov küçəsində yerləşən "Pearls Kids" uşaq bağçasının damında qanunsuz tikinti aparıldığı iddia edilir.

Bu azmış kimi, bağçanın ətrafında heç bir təhlükəsizlik tədbirlərinin görülmədiyi bildirilir.

Tikintinin qanunsuz olması ilə bağlı sosial şəbəkələrdə də paylaşımlar edilib.

Məsələnin təfərrüatlarını öyrənmək üçün üz tutduq həmin bağçaya. Heç bir mühafizə sistemi ilə qarşılaşmadan müəssisənin ərazisinə rahat şəkildə daxil olduq. Bağçanın həyətində gördüklərimizdən isə belə aydın oldu ki, burada tikinti işləri aparılsa da, uşaqların təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri tədbirlər görülməyib.

 Özünü bağçanın direktoru kimi təqdim edən Aynur adlı xanım burada aparılan işlərin tam qanuni olduğunu bildirdi, lakin rəsmi sənəd təqdim etmədi.

Uşaqların təhlükəsizliyi məsələsinə gəlincə, o, körpələrin oyun saatlarında tikintinin dayandırıldığını bildirdi.  

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirilib ki, icra hakimiyyəti tərəfindən bağça rəhbərliyinə tikinti işlərinin dayandırılması tövsiyə olunub. Həmçinin bununla əlaqədar aidiyyəti dövlət qurumlarına da məlumat verilib.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.