Ombudsman Aparatı əmanətlərin sığortalanması sisteminə dəyişikliklər təklif edib

Bank sektorunun sabitliyi və əmanətçilərin hüquqlarının müdafiəsi maliyyə sisteminin əsas dayaqlarından biri hesab olunur. Bu baxımdan bankın lisenziyasının ləğv edilməsi və ya onun müflis elan olunması hallarında əmanətlərin qaytarılması mexanizmi xüsusi hüquqi əhəmiyyət daşıyır. Aparılmış hüquqi təhlildə Azərbaycanda əmanətlərin qorunması sisteminin “Əmanətlərin sığortalanması haqqında” və “Banklar haqqında” qanunlarla tənzimləndiyi, bu sahədə əsas institusional mexanizmin isə Əmanətlərin Sığortalanması Fondu vasitəsilə həyata keçirildiyi qeyd olunub.

Ombudsman Aparatından verilən məlumata görə, təhlildə hazırkı model əsasən fiziki şəxslərin müdafiəsinə yönəldiyi və hüquqi şəxslərin əmanətlərinin sığorta mexanizmindən kənarda qaldığı vurğulanıb. Bu isə Konstitusiyanın bərabərlik hüququnu təsbit edən 25-ci maddəsi, Mülki Məcəllənin mülki hüquq subyektlərinin bərabərliyi prinsipini müəyyən edən müddəaları, həmçinin mülkiyyət hüququnun toxunulmazlığı baxımından yanaşmada uyğunsuzluq yaradır.

Qeyd olunub ki, hüquqi şəxslər bankın ləğvi halında yalnız adi kreditor kimi çıxış edir və onların tələbləri ləğvetmə prosesində növbəlilik əsasında təmin olunur. Praktikada isə bank aktivlərinin kifayət etməməsi səbəbindən hüquqi şəxslərin vəsaitlərinin tam qaytarılması əksər hallarda mümkün olmur. Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı hesabları üzrə kompensasiya limitinin 20 min manat müəyyən edilməsi də bərabərlik prinsipi kontekstində əlavə suallar yaradır.

Araşdırmada milli qanunvericiliklə yanaşı, beynəlxalq təcrübəyə də geniş yer ayrılıb. Hüquqi təhlilin nəticəsi olaraq bank sektorunda mülkiyyət hüququnun və bərabərlik prinsipinin daha effektiv təmin edilməsi məqsədilə bir sıra qanunvericilik təşəbbüslərinin nəzərdən keçirilməsi tövsiyə olunub.

Təkliflər sırasında aşağıdakılar xüsusi qeyd edilir: