Özbəkistanda Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq mərkəzi açılıb
Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi, özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq mərkəzi açılıb.
Bu barədə Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Bildirilib ki, mərkəz tələbələrin Azərbaycan dili və mədəniyyəti ilə daha yaxından tanış olması, eləcə də elmi müzakirələrin və birgə layihələrin həyata keçirilməsi üçün mühüm akademik platforma rolunu oynayacaq.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov qeyd edib ki, yeni yaradılan mərkəz Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətini əks etdirən kitablar, foto materiallar və müxtəlif tədris vəsaitləri ilə təmin edilib. O vurğulayıb ki, mərkəzin tərtibatında Azərbaycan və Özbəkistanın dövlət bayraqları, görkəmli şəxsiyyətlərin portretləri, Azərbaycanın xəritəsi və digər vizual elementlər yer alıb.
“Xalid Səid Xocayev Azərbaycan və Özbəkistan xalqları üçün ortaq elmi və mənəvi dəyərdir. O, özbək əsilli olsa da, həyatının böyük hissəsini Azərbaycanda elmi fəaliyyətə həsr etmiş və türkoloji elmin inkişafına mühüm töhfələr vermiş alimlərdən biri kimi tarixdə özünəməxsus yer tutub.
Onun irsi bu gün də aktuallığını qoruyur və Türk dünyasının ortaq elmi yaddaşının mühüm hissəsi kimi qiymətləndirilməlidir. Bu cür mərkəzlərin yaradılması isə gənc nəslin bu irslə daha yaxından tanış olması və elmi biliklərinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır”, -deyə R.Hüseynov əlavə edib.
Sonra akademik Rafael Hüseynov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetinin rektoru Sanjar Adilovun iştirakı ilə yeni yaradılmış tədris məkanı istifadəyə verilib.

