Kitablar səltənətinin inciləri: Məmməd Araz
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında Mədəniyyət Konsepsiyasının icrası ilə əlaqədar həyata keçirilən “Kitablar səltənətinin inciləri” adlı mütaliə silsiləsindən izləyicilərə Xalq şairi, tərcüməçi, publisist Məmməd Arazın “Üç oğul anası” poeması təqdim olundu.
Məmməd Araz kimi tanıdığımız Azərbaycanın Xalq şairi Məmməd İnfil oğlu İbrahimov Naxçıvanın Şahbuz rayonunun Nursu kəndində anadan olmuşdur. Şeirlərinin qayəsi, mayası, əvvəli, axırı Azərbaycan, Azərbaycan və yenə də Azərbaycan olan şairin sözlərinə yazılmış və dillər əzbəri olan nəğmələri bu gün də radio-televiziya kanallarında, şənliklərdə və konsert salonlarında səsləndirilir.
Soruşdum birindən: – Şairəmmi mən?
Özüm ki, özümü öyə bilmərəm!
Cavabı asanca qopdu dilindən:
Hələ ölməmisən, deyə bilmərəm...
Poemaları, tərcümələri, şeirləri hər zaman oxunaqlı olan Məmməd Araz cismən aramızda olmasa da, yaradıcılığı və qoyub getdiyi irslə xalqın yaddaşında yaşayır. “Günahsız müqəssir”, “O yaşamır”, “Müharibə odası”, “Həzi burda doğulub”, “Müharibə olmasa”, “Köçəri quşlar” və saysız-hesabsız şeirlər, “Araz axır”, “Paslı qılınc”, “Mən də insan oldum”, “Əsgər qəbri”, “Atamın kitabı” və qısa bir hissəsini oxuculara təqdim edilən “Üç oğul anası” poemasında qələmindən süzülən bir çox fikir və yürütdüyü mülahizələr çox həzin və anlaşıqlı yazıldığından hər zaman kitabsevərlərin diqqətini özünə çəkmişdir.
“Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” kimi aforizmə dönən çox sayda misralar M.Arazın poeziyada və ictimai mühitdə onun dövlətinə, xalqına, Vətəninə olan böyük vətəndaş mövqeyini ortaya çıxarır.
Məmməd Araz “Üç oğul anası” poemasında zamanından, məkanından asılı olmayaraq müharibələrin vurduğu yaraların, minlərlə evlər, ailələr dağıdan, anaların son nəfəsədək övlad gözləyən ümidlərini dahiyanə qələmə almışdır.
Yazıçı Şahzadə İldrımın səsləndirdiyi poemadan bir parça oxuculara təqdim olunur:

