Türkiyə İranla bağlı danışıqlara vasitəçilik edə bilər
ABŞ və İran arasında mümkün danışıqlar, Tehran tərəfinə təqdim edilmiş təklif əsasında, Türkiyə və digər dövlətlərin vasitəçiliyi ilə keçirilə bilər.
Bu barədə “Al-Monitor” portalı türk mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, danışıqlar təklifi İran rəhbərliyinə məhz türk vasitəçilər vasitəsilə çatdırılıb. Əgər dialoq baş tutarsa, orada Türkiyə nümayəndələrinin də iştirakı nəzərdə tutulur.
Portalın mənbəsinin bildirdiyinə əsasən, ABŞ tərəfini danışıqlarda Amerika təklifinə uyğun olaraq vitse-prezident Cey Di Vens təmsil etməlidir. İran tərəfdən isə Vaşinqton parlamentin (Məclisin) sədri Məhəmməd Baqer Qalibafın iştirakını gözləyir.
Daha əvvəl İsrailin 12-ci kanalı yəhudi dövlətinin bir rəsmisinə istinadən bildirmişdi ki, ABŞ və İran nümayəndələri arasında görüş bu həftənin sonu İslamabadda baş tuta bilər. Telekanal da danışıqlarda Vens və Qalibafın iştirak edə biləcəyini qeyd edib.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.//Trend

