Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb

İran münaqişədən sonra ölkənin gələcəyi ilə bağlı dörd mümkün variantla üzləşə bilər.

Bu barədə amerikalı politoloq Kennet Pollak “Foreign Affairs” nəşri üçün yazdığı məqalədə bildirib. Müəllifin fikrincə, Amerika-İsrail strategiyası İran üçün dörd mümkün ssenaridən birinə gətirib çıxaracaq. Onlardan ən çox ehtimal olunanı rejimin saxlanmasıdır. Üstəlik, bu versiya İranın ABŞ və İsrailə qarşı əvvəlkindən daha çox düşmən olmasına gətirib çıxara bilər.

İkinci ssenari İslam Respublikasında rejimin süqutu ilə bağlıdır. "Rejim süqut edərsə, İran çox güman ki, vətəndaş müharibəsinə və xaosa yuvarlanacaq. Vaşinqtonun İranda təhlükəsizliyin təmin edilməsində heç bir marağı olmadığı üçün bunun qarşısını almaq çətin olacaq”, - deyə Pollak qeyd edir. Onun sözlərinə görə, İranda vətəndaş müharibəsi ABŞ və onun müttəfiqləri üçün fəlakət deməkdir.

Üçüncü ssenari İranın nizami silahlı qüvvələrinin rəhbərlik etdiyi hərbi diktaturanın yaranması olardı. Ekspertin fikrincə, İslam Respublikasındakı rejim süqut etdiyi təqdirdə, bu, ən çox ehtimal olunan variantdır. O qeyd edib ki, bu variant nə İran xalqı, nə də ABŞ üçün ideal olmasa da, mövcud rejimin sərtləşdirilməsindən və ya tammiqyaslı vətəndaş müharibəsindən daha yaxşıdır.

Pollak dördüncü variantı - rejimin stabil demokratiya ilə sürətli və dinc yolla əvəzlənməsini ən az ehtimal olunan ssenari adlandırıb.//Azərtac