Trampın “İrana qarşı həftələrlə davam edə biləcək böyük hücuma yaxınlaşdığı” iddiası
ABŞ-da Donald Tramp administrasiyasının İranla “böyük müharibəyə yaxınlaşdığı” və bunun “həftələrlə davam edə biləcək tammiqyaslı” hücum ola biləcəyi iddia edilib.
Amerikanın Axios xəbər platformasının adları açıqlanmayan mənbələrə istinadən yaydığı xəbərdə bildirilib ki, ABŞ Yaxın Şərqdə İranla “əksər amerikalıların düşündüyündən daha yaxın olan böyük müharibə vəziyyətindədir və bu, çox tezliklə başlaya bilər”.
Xəbərdə qeyd olunur ki, ABŞ-ın İrana qarşı hərbi əməliyyatı böyük, həftələrlə davam edən və tammiqyaslı ola bilər. Həmçinin bu hücumun ehtimal ki, ABŞ və İsrailin birgə əməliyyatı olacağı iddia edilir.
Məlumata görə, 150-dən çox ABŞ hərbi yük reysi Yaxın Şərqə silah sistemləri və sursat daşıyıb. Təkcə son 24 saat ərzində F-35, F-22 və F-16 tipli 50 döyüş təyyarəsinin bölgəyə doğru yola salındığı bildirilib.
Xəbərdə iki israilli rəsmiyə istinadən qeyd olunur ki, İsrail hökuməti İranda rejim dəyişikliyini, nüvə və raket proqramlarının hədəf alınmasını müdafiə edir və “bir neçə gün ərzində müharibə ssenarisi” üçün hazırlaşır.//aa.com.tr

