Çinin “Tyanqun-2” kosmik laboratoriyası orbiti tərk edib

Çinin “Tyanqun-2” kosmik laboratoriyası iyulun 19-da orbiti tərk edib. Bu barədə məlumatı Çin Xalq Respublikasının Pilotlu Uçuşlar Proqramı yayıb.
Məlumatda deyilir ki, kosmik aparat atmosferin qalın qatlarında yanacaq və onun ayrı-ayrı parçaları Sakit okeanın cənub hissəsinə düşəcək.
Çəkisi 8,6 ton olan “Tyanqun-2” kosmik laboratoriyası 2016-cı il sentyabrın 15-də Yer kürəsinin ətrafındakı kosmik məkana göndərilib. Onun uzunluğu 10,4 metr, diametri isə 3,35 metrdir. “Tyanqun-2” kosmosda elmi-texniki sınaqlar həyata keçirib və iki illik istifadə müddəti başa çatıb.
Çinin bundan əvvəl kosmosa göndərdiyi 8 tonluq “Tyanqun-1” kosmik laboratoriyası isə ötən ilin yazında öz missiyasını başa çatdırıb və atmosferin qalın qatlarında yandıqdan sonra onun parçaları həmin il aprelin 2-də Yerə düşüb.