Donald Tramp mayda Yaponiyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp mayın 26-dan 28-dək Yaponiyaya səfər edəcək.

Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə verilən məlumata görə, səfər çərçivəsində ABŞ Prezidenti ilk dəfə yeni İmperator cütlüyü ilə görüşəcək. D.Trampın mayın 1-də taxta çıxacaq yeni İmperator Naruhito ilə görüşən ilk xarici ölkə lideri olacağı bildirilir.

ABŞ Prezidentinin səfər çərçivəsində Yaponiyanın Baş naziri Şinzo Abe ilə danışıqlar aparacağı da qeyd edilir. İki ölkə liderlərinin rəsmi görüşü ilə yanaşı, sumo turnirini ziyarət edəcəyi və qolf oynayacağı da bildirilir.

Xatırladaq ki, D.Tramp ABŞ lideri kimi Yaponiya son dəfə 2017-ci ilin noyabrında səfər edib.