Ərdoğan: ABŞ-ın Türkiyəyə F-35 təyyarələri satmaqdan imtina etməsi soyğunçuluqdur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Türkiyəyə F-35 tipli beşinci nəsil qırıcı təyyarələrini çatdırmaqdan imtina etməsini soyğunçuluq adlandırıb.

“Əgər mütəmadi olaraq pul ödəyən müştəriniz varsa, onun istədiyi məhsulu verməkdən necə imtina edə bilərsiniz? Buna soyğun deyərlər. Biz indiyə qədər 1,4 milyard dollar pul ödəmişik. Hərbçilərimiz və təyyarəçilərimiz təlim keçib. Bizə dörd təyyarə təhvil verilib, digərləri isə qalıb”, - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.

Xatırladaq ki, Birləşmiş Ştatlar Rusiya istehsalı olan S-400 “Triumf” zenit-raket komplekslərini alacağı təqdirdə Ankaranı beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrinin çatdırılması proqramından tamamilə çıxarmaqla hədələyib.

Ankara ən azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.