Əlcəzair parlamentinin sədri istefa verib

Əlcəzair Milli Xalq Məclisinin (parlament) sədri Muad Buşareb istefa verib.

Al Arabiya telekanalının bu gün yaydığı məlumata görə, növbəti 15 gündə parlamentin işinə Əbdərrəzak Tariş rəhbərlik edəcək. Buşarebin istefasının səbəbləri açıqlanmır.

Xatırladaq ki, aprelin 2-də Əlcəzair Prezidenti Əbdüləziz Buteflika izdihamlı etiraz aksiyaları fonunda postunu tərk edib. Dövlətin müvəqqəti başçısı Əbdülqadir bin Salehin səlahiyyət müddəti isə iyulun 9-da başa çatır.