Şinzo Abe və Donald Tramp Şimali Koreya tərəfindən raket buraxılışını müzakirə ediblər

Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Şimali Koreya tərəfindən bu günlərdə baş tutan raket buraxılışını müzakirə ediblər.
Bu barədə jurnalistlərə məlumat verən Baş nazir ABŞ Prezidenti ilə Şimali Koreya tərəfindən mayın 4-də keçirilən raket sınağını müzakirə etdiklərini bildirib. Ş.Abe qeyd edib ki, yapon və Amerika mütəxəssisləri Şimali Koreyanın məhz hansı raketləri sınaqdan keçirdiyini birlikdə dəqiqləşdirəcəklər. Baş nazir əlavə edib ki, ABŞ Prezidenti Şimali Koreya lideri Kim Çen In ilə son sammit zamanı Koreya yarımadasının nüvə silahından tam azad edilməsi barədə razılığa gəlib.
Baş nazir, həmçinin qeyd edib ki, o, Şimali Koreya lideri ilə bu ölkə tərəfindən oğurlanmış yapon vətəndaşları məsələsini həll etmək üçün heç bir ilkin şərt olmadan görüşmək niyyətindədir.
Vüqar Ağayev