Dövlət əleyhinə açıq çağırışlar və dini nifrət məzmunlu materialların yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib

Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıq çağırışlarla bağlı cinayət işi üzrə istintaq davam etdirilir

Azərbaycanın Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə oktyabrın 16-da Azərbaycanın Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

İbtidai istintaqın müəyyən etdiyi hallar

İbtidai istintaq zamanı əldə olunmuş sübutlara əsasən, Türkiyədə fəaliyyət göstərən bir sıra şəxslərin müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ölkəmizdə dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş məzmunlu materiallar hazırlayaraq yaymalarına əsaslı şübhələr müəyyən edilib.

İstintaq materiallarına əsasən, həmin çıxış və paylaşımlar yalnız ayrı-ayrı şəxslərin dini baxışlarını ifadə etməsi və ya dövlət orqanlarının fəaliyyətini tənqid etməsi ilə məhdudlaşmır, onların məzmununda zorakılığa və dövlətin konstitusiya quruluşunun qanunsuz yollarla dəyişdirilməsinə çağırışların əlamətləri mövcuddur.

Həmin əməllərin hüquqi qiymətləndirilməsi zamanı yayılmış materialların məzmunu, ifadələrin işlədildiyi kontekst, onların ictimaiyyətə çatdırılma üsulu, auditoriyası, yayılma xüsusiyyətləri və digər hallar araşdırılıb.

İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən Türkiyədə yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər:

1. 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya;

2. 1981-ci il təvəllüdlü, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan);

3. 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan;

4. 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı;

5. 1971-ci il təvəllüdlü araşdırmaçı Fahrettin Taşkaya Saral;

6. 1975-ci il təvəllüdlü, “Abdurrahman Tumer” adlı şəxsi feysbuk profil sahibi Abdurrahman Tumer;

7. moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu

tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində X, feysbuk, instaqram, yutub, “TikTok” sosial şəbələləri və digər internet informasiya ehtiyatlarında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya bu il oktyabrın 3-də Azərbaycanın Türkiyənin İstanbul şəhərindəki Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə bu il oktyabrın 13-də Azərbaycanın Türkiyənin Ankara şəhərində yerləşən səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.

Həyata keçirilən prosessual tədbirlər

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs bu il oktyabrın 19-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər.

Hazırda təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının, o cümlədən çağırışların məzmununun və yayılma şəraitinin obyektiv, tam və hərtərəfli araşdırılması, müvafiq materialların müəllifliyinin müəyyən edilməsi, elektron sübutların toplanması və yoxlanılması, habelə cinayət işi üçün əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.

Eyni zamanda, cinayət işi üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyənin və digər tərəfdaş dövlətlərin aidiyyəti səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət təmin edilir.

Baş Prokurorluqdan çağırış

Baş Prokurorluq bir daha diqqətə çatdırır ki, Azərbaycanın Konstitusiyası ilə hər kəsin vicdan və dini etiqad azadlığı, fikir və söz azadlığı, habelə qanuni vasitələrlə öz ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin olunur. Bununla yanaşı, həmin hüquq və azadlıqların həyata keçirilməsi dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə, dini nifrət və düşmənçiliyin qızışdırılmasına, eləcə də dini ekstremist fəaliyyəti həyata keçirməyə açıq çağırışlar edilməsinə hüquqi əsas vermir.

İnternet resursları, sosial şəbəkələr, videoplatformalar və digər elektron kommunikasiya vasitələri ilə bu xarakterli çağırışların hazırlanması və yayılması məsuliyyətə səbəb olur.

Azərbaycanın konstitusiya quruluşuna və ictimai təhlükəsizliyinə qarşı yönəlmiş, habelə dini zəmində zorakılığı və düşmənçiliyi təşviq edən qanunazidd əməllərlə bağlı məlumatlar araşdırılır, şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən, ictimai statusundan və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq prosessual tədbirlərin görülməsi təmin ediləcək.