Metronun Qırmızı xətti üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” Futbol Klubunun UEFA Çempionlar Liqası matçı ilə əlaqədar metronun Qırmızı xətti üzrə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni” QSC-dən bildirilib ki, “Koroğlu” stansiyasında əlavə işçi qüvvəsi cəlb olunacaq və nəzarət gücləndiriləcək, qatarların hərəkəti gün ərzində payız-qış qrafikinə uyğun təşkil ediləcək.

Oyun başa çatdıqdan sonra ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.

Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafiki dəyişdirilməyəcək.