DİM tərəfindən sentyabrın 24-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 24-də elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib.
DİM-dən bildirilib ki, elan üzrə 7 dövlət orqanında mövcud olan 19 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Həmin vəzifələr üzrə qeydiyyatdan keçmiş 42 namizədlə ümumilikdə 47 müsahibənin keçirilməsi planlaşdırılır. Ən çox müsahibə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin İnzibati işlər və protokol şöbəsi müdirinin müavini vəzifəsi üzrə nəzərdə tutulub. Belə ki, bir vakant vəzifə üzrə 8 namizəd qeydiyyatdan keçib.
Müsahibələrin oktyabrın 21-dən 28-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibələrin vaxtı və yeri barədə ətraflı məlumatı DİM-in internet saytından əldə edə bilərlər.
Namizədlərin diqqətinə çatdırılır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Mərkəz və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Namizədlərin müsahibədə iştirak etməməsi üzrlü hal kimi qəbul edilmir və məsuliyyətsizlik kimi qiymətləndirilərək Mərkəzin məlumat bazasında qeydə alınır.
Namizədlər müsahibədə iştirakdan imtina etmək istədikdə, müsahibənin keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müvafiq qrafikdə şəxsi kabinetlərinin nömrəsini seçərək açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdırlar.

