Bakıda Formula 1 trekində ilk dəfə kütləvi qaçış baş tutub
Sentyabrın 23-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində “BCC F1 Weekend Run” qaçışı keçirilib.
Bakı Şəhər Halqasından verilən məlumata görə, tədbirdə təxminən 250 iştirakçı Formula 1 trekinin 6 kilometrlik tam dövrəsini qət edib.
Qaçışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.
Saat 22:00-da başlayan qaçış zamanı iştirakçılar Formula 1 bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.
“BCC F1 Weekend Run” sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Tədbirdə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.
Qaçış Qran-Pri həftəsinin tədbirlərindən biri olaraq iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.
Qeyd edək ki, bu gün start götürən Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 26-dək davam edəcək.

