Əsas diqqət COP31-ə doğru iqlim fəaliyyətinin sürətinin qorunmasına yönəlib - Ceyhun Bayramov
Bakı İqlim Həftəsi çərçivəsində əsas diqqət regional və çoxtərəfli tərəfdaşlıqların möhkəmləndirilməsi, eləcə də Türkiyənin Antalyada keçirəcəyi COP31-ə doğru iqlim fəaliyyətinin sürətinin qorunmasına yönəlib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda IV İqlim Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, qeyri-rəsmi diplomatiya fikir ayrılıqlarının aradan qaldırılması və mürəkkəb iqlim məsələləri üzrə konsensusun əldə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
“Ekspertlər və siyasətçilər iqlim dəyişikliyini və onun uzunmüddətli təsirlərini müzakirə etmək üçün yenidən Bakıda bir araya gəliblər. Bakı İqlim Həftəsini rəsmən açarkən əsas diqqətimiz regional və çoxtərəfli tərəfdaşlıqları möhkəmləndirməklə yanaşı, Antalyada keçiriləcək COP31-ə doğru sürəti qoruyub saxlamağa yönəlib”, - deyə C.Bayramov vurğulayıb.
O qeyd edib ki, Azərbaycan növbəti COP-a ev sahibliyi etməyə hazırlaşan Türkiyəyə sarsılmaz qardaşlıq dəstəyini bir daha təsdiqləyir.
“COP29 və COP31 sədrlikləri arasındakı əməkdaşlıq regional həmrəyliyin, ardıcıllığın təmin edilməsinin, iddialı iqlim maliyyələşdirilməsi mexanizmlərinin və davamlı qlobal fəaliyyətin nümunəsidir”, - nazir bildirib.
C.Bayramov çoxtərəfliliyin qlobal iqlim çağırışlarının həlli üçün ən güclü vasitə olaraq qaldığını diqqətə çatdırıb.
“Bakı İqlim Həftəsi praktiki tətbiqə yönəlib. Gəlin qarşıdakı günlərdən praqmatik həllərə diqqət yetirmək, etibarlı tərəfdaşlıqlar qurmaq və gözlə görünən nəticələr əldə etmək üçün istifadə edək”, - deyə o əlavə edib.//Trend

