OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb
2026-cı ilin iyul ayında Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 453 min barel təşkil edib.
Bu barədə OPEC-in aylıq neft bazarı hesabatında qeyd olunub.
Hesabata əsasən, iyul ayında Azərbaycanda neft hasilatı əvvəlki ayla müqayisədə 4 min barel/gün və ya təxminən 0,9% azalıb. İyun ayında bu göstərici 457 min barel/gün təşkil edib.
OPEC-in məlumatlarına görə, Azərbaycanda gündəlik neft hasilatı 2026-cı ilin birinci rübündə orta hesabla 454 min barel, ikinci rübündə isə 457 min barel olub.
Beləliklə, iyul ayında hasilat ikinci rübün orta göstəricisi ilə müqayisədə 4 min barel/gün aşağı düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda 13,270 milyon ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 421,8 min ton və ya 3,1 faiz azdır.
Hesabat dövründə xam neft hasilatının ümumi həcmindən 13,236 milyon tonu əmtəəlik xam neftin payına düşüb ki, bu da əvvəlki ilin eyni dövründəki göstərici ilə müqayisədə 424,2 min ton və ya 3,1% azdır.
Ümumilikdə, bu ilin yanvar-iyun aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz azalıb.
Energetika Nazirliyinin məlumatına əsasən, hesabat dövründə Azərbaycanda hasil edilmiş hasilatın 7,9 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,7 milyon tonu “Şahdəniz”in, 0,3 milyon tonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,4 milyon ton təşkil edib.
Bildirilib ki, bu dövrdə 10,5 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 9,5 milyon tonu konsorsiumun, 0,7 milyon tonu SOCAR-ın, 0,3 milyon tonu isə JOCAP-ın payına düşüb.
Qeyd edilib ki, bu ilin 6 ayı ərzində xam neft hasilatı orta hesabla gündəlik 61 min ton (449 min barrel), kondensat hasilatı 12 min ton (103 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 73 min ton (552 min barrel) olub.
Hesabat dövründə neftin emalı 2,9 milyon ton təşkil edib.//Trend

