Heyvanların identifikasiyası prosesinin əhatə dairəsi daha da genişləndiriləcək - Video

Kənd təsərrüfatı heyvanlarının identifikasiyası və qeydiyyatı heyvan sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və onların yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Bəs identifikasiya nədir? Sadə dillə desək, identifikasiya hər bir heyvana fərdi nömrə verilməsi və onun haqqında məlumatların elektron sistemdə qeydiyyata alınmasıdır. 

Bu, hər bir heyvanı fərdi qaydada tanımağa, onun harada saxlanıldığını və hansı hərəkətləri etdiyini izləməyə imkan verir. 

Bununla yanaşı, identifikasiya heyvan sahibləri üçün də faydalıdır. Elektron qeydiyyat təsərrüfatda olan heyvanların sayını dəqiq müəyyənləşdirməyə, onların hərəkətini izləməyə, eləcə də itmiş və ya oğurlanmış heyvanların tapılmasını asanlaşdırmağa kömək edir.

Heyvanların identifikasiyası qida təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Bu sistem vasitəsilə heyvan mənşəli məhsulların hansı təsərrüfatdan əldə edildiyini izləmək mümkün olur. 

Başqa sözlə, məhsulun süfrəmizə gələnədək keçdiyi yolu, eləcə də məhsulda hər hansı problem yarandıqda onun hansı təsərrüfatdan əldə edildiyini müəyyənləşdirmək asanlaşır. Bu isə “fermadan süfrəyədək” prinsipinin təmin edilməsinə xidmət edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi prosesinin davam etdirilməsi və genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar nəzərdə tutulub.