Beynəlxalq Valyuta Fondu bundan sonra da iqtisadi siyasətin təkmilləşdirilməsində Azərbaycanla əməkdaşlığa hazırdır

İyulun 15-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Maliyyə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan iqtisadiyyatındakı inkişaf meyilləri, fiskal siyasət, ortamüddətli perspektivlər, habelə növbəti IV Maddə məsləhətləşmələrinin əsas istiqamətləri və potensialın inkişafı sahəsində BVF tərəfindən gələcəkdə Azərbaycana göstəriləcək dəstəyin prioritet istiqamətləri müzakirə olunub.

Anar Kərimov son illərdə ölkəmizdə həyata keçirilən fiskal islahatlar barədə ətraflı məlumat verərək bildirib ki, ortamüddətli fiskal çərçivənin tətbiqi makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, dövlət borcunun dayanıqlı səviyyədə saxlanılması, Dövlət Neft Fondunun aktivlərinin qorunması və büdcə xərclərinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, ortamüddətli dövrdə dövlət büdcəsinin qeyri-neft gəlirləri hesabına maliyyələşmə imkanlarının genişləndirilməsi, Dövlət Neft Fondundan transfertlərin mərhələli şəkildə azaldılması və fiskal dayanıqlığın daha da gücləndirilməsi hökumətin əsas prioritetləri sırasındadır.

Dövlət maliyyəsinin idarə olunması sahəsində aparılan islahatlardan bəhs edən A.Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirildiyini, ortamüddətli xərclər çərçivəsinin əhatə dairəsinin mərhələli şəkildə artırıldığını və bu islahatların dövlət vəsaitlərinin daha səmərəli idarə edilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Eyni zamanda, dövlət maliyyəsinin idarə olunmasının rəqəmsallaşdırılması, dövlət müəssisələrinin monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və büdcə şəffaflığının artırılması istiqamətində həyata keçirilən addımlar da nəzərdən keçirilib.

Öz növbəsində, xanım A.Bordon Azərbaycan hökuməti ilə BVF arasındakı mövcud əməkdaşlığı yüksək qiymətləndirərək, ölkədə dövlət maliyyəsinin idarə olunması və makroiqtisadi sabitliyin təmin olunması istiqamətində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O, BVF-nin bundan sonra da iqtisadi siyasətin təkmilləşdirilməsi, fiskal idarəetmə və institusional potensialın gücləndirilməsi sahələrində Azərbaycanla əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

Görüş çərçivəsində, həmçinin vergi və gömrük inzibatçılığının təkmilləşdirilməsi, yaşıl inkişaf gündəliyi və işğaldan azad edilmiş ərazilərin bərpası da daxil olmaqla, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.