ABŞ Azərbaycanın neft hasilatı ilə bağlı proqnozunu açıqladı

Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı 2026-cı ildə orta hesabla günə 0,55 milyon barel təşkil edəcək. 2027-ci ildə isə bu göstəricinin 0,52 milyon barelə enəcəyi gözlənilir.

Yerveinsan.az bildirir ki, bu barədə Trend ABŞ Enerji İnformasiyası Administrasiyasının (EIA) qısamüddətli enerji proqnozuna istinadən xəbər verir.

Proqnoza görə, göstərici 2025-ci il üçün qiymətləndirilən sutkada 0,57 milyon barel səviyyəsi ilə müqayisədə azalacaq.

 EIA-nın hesablamalarına əsasən, 2026-cı ildə hasilat birinci rübdə orta hesabla günə 0,56 milyon barel olacaq. İkinci rübdə bu göstəricinin 0,55 milyon barelə, üçüncü və dördüncü rüblərdə isə 0,54 milyon barelə düşəcəyi proqnozlaşdırılır.

Oxşar dinamikanın 2027-ci ildə də davam edəcəyi gözlənilir. Belə ki, həmin ilin birinci rübündə hasilatın günə 0,53 milyon barel, ikinci və üçüncü rüblərdə 0,52 milyon barel, dördüncü rübdə isə 0,51 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Ümumilikdə, 2027-ci ilin yekunları üzrə orta sutkalıq hasilatın 0,52 milyon barel təşkil edəcəyi bildirilir.

Bu arada, Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə qaz kondensatı da daxil olmaqla 27,7 milyon ton neft hasil edilib. Bu həcmin 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 3,8 milyon tonu “Şahdəniz” yatağının, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin — SOCAR-ın payına düşüb.