Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadənin yaradıcılıq gecəsi Beynəlxalq formatda keçirildi (FOTO-VİDEO)

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycan Milli İncəsənət Muzeyi ilə birgə muzeyin “Səttar Bəhlulzadə” zalında Xalq yazıçısı, tanınmış kinodramaturq, “Şöhrət” ordenli Əməkdar incəsənət xadimi Natiq Rəsulzadənin Beynəlxalq formatda təşkil olunmuş yaradıcılıq gecəsini keçirdilər.

Tədbirin aparıcısı tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova qonaqları salamladı. O qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası təsdiq olunmuşdur. Bu Konsepsiya ölkəmizin zəngin ədəbi irsinin qorunmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edən mühüm strateji sənəddir. Bu istiqamətdə kitabxanaların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.

 L.Məmmədova çıxışında bildirdi ki, Xalq yazıçısı, tanınmış kinodramaturq Natiq Rəsulzadə uzun illər ərzində Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti ilə seçilərək həm nəsr, həm də kinodramaturgiya sahəsində yaddaqalan əsərlər yaradıb. Xalq yazıçısı Natiq Rəsulzadənin əsərlərinin insan talelərinə, cəmiyyətin mənəvi problemlərinə və həyat həqiqətlərinə toxunduğunu qeyd etdi. Aparıcı vurğuladı ki, yazıçının zəngin yaradıcılığı yalnız ədəbi mühitdə deyil, oxucuların qəlbində də xüsusi yer tutur və bu gün də böyük maraqla qarşılanır.

Yaradıcılıq gecəsinin aparıcı L.Məmmədova Ümummilli Lider Heydər Əliyevin yazıçı və ziyalılar haqqında söylədiyi dəyərli fikirləri tədbir iştirakçılarının diqqətinə çatdıraraq qeyd etdi ki, Ulu Öndər hər zaman ədəbiyyatı xalqın mənəvi sərvəti hesab edib, yazıçıların cəmiyyətin düşüncə və mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb. Sonra o, Xalq yazıçısı Natiq Rəsulzadəyə M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucu diplomunu təqdim etdi.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında qeyd etdi ki, oxucuların öz sevimli yazıçıları ilə belə canlı görüşlərinin keçirilməsi son zamanlar unudulmağa başlayan, lakin çox ehtiyac duyulan gözəl bir ənənədir. O bildirdi ki, Azərbaycanda ana dilində yazan nəhəng ədiblərlə yanaşı, ruhən və mədəniyyətcə tamamilə azərbaycanlı olan, lakin öz fikirlərini rus dilində möhtəşəm şəkildə ifadə edən parlaq bir yazıçılar nəsli yetişmişdir. Bu sırada Xalq yazıçıları İmran Qasımov, İbrahimbəyov qardaşları, Xalq yazıçıları Anar və Elmira Axundova kimi simaların adını çəkən Xalq artisti Polad Bülbüloğlu, tədbirin baş qəhrəmanı Xalq yazıçısı Natiq Rəsulzadəni bizim rusdilli ədəbiyyatımızın “sonuncu mogikanlarından biri” adlandırdı.

Nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas-alim, Xalq yazıçısı Elmira Axundova çıxışında qeyd etdi ki, Xalq yazıçısı Natiq Rəsulzadənin Azərbaycan ədəbiyyatında özünəməxsus dəst-xətti olan yazıçılardandır. Onun əsərlərində realizm və fantastika bir-biri ilə ahəngdar şəkildə birləşir, insan taleyi dərin psixoloji çalarlarla təqdim olunur və həyatın ağrılı tərəfləri, insan faciələri və cəmiyyətin düşündürücü problemləri böyük ustalıqla qələmə alınır.

Xalq rəssamı Arif Hüseynov Xalq yazıçısı Natiq Rəsulzadənin Azərbaycan ədəbiyyatına bəxş etdiyi dəyərli töhfələrdən, onun özünəməxsus üslubundan və bənzərsiz yaradıcılıq dünyasından geniş bəhs etdi. Xalq rəssamı çıxışını özünəməxsus yumorla quraraq qeyd etdi ki, onun çəkdiyi rəsmlərdə rənglər, sevinc və pozitiv üstünlük təşkil edir, ancaq yaxın dostu Natiq Rəsulzadə oxucunu əsərin sonunda mütləq bir faciə ilə üz-üzə qoymağı bacarır. O, zarafatla dedi ki, mən tablolarımda insanları güldürməyə çalışıram, Natiq isə əsərlərinin sonunda hamını düşündürüb kədərləndirir. N.Rəsulzadənin qələminin qüdrətini yüksək qiymətləndirən sənətkar, çıxışının sonunda yazıçıya “Nə vaxt bir kitabınıza illüstrasiya çəkəcəm?” sualını ünvanladı.

Xalq artisti İlham Namiq Kamal tədbirdəki çıxışı zamanı yazıçıya gələcək fəaliyyətində uğurlar arzuladı. O, müəllifdən yeni filmlər və tamaşalar üçün ssenarilər gözlədiyini bildirdi. Görkəmli aktyor həmin ssenarilər əsasında ərsəyə gələcək ekran və səhnə əsərlərində rol almaq istədiyini də xüsusilə vurğulayıb. Sənətkarın fikrincə, bir yaradıcı şəxs üçün ən böyük xoşbəxtlik oxucu sevgisidir. İlham Namiq Kamal məhz bu sevginin və alqışların sənətkar üçün əsl ilham mənbəyi olduğunu diqqətə çatdırdı.

Rusiya Federasiyasının Azəbaycan Respublikasındakı Səfirliyinin mədəniyyət üzrə attaşesi Mariya Zolotareva çıxışında Xalq yazıçısı və görkəmli kinodramaturq Natiq Rəsulzadənin yaradıcılığının təkcə Azərbaycan oxucusu üçün deyil, beynəlxalq ədəbi mühit üçün də böyük əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, yazıçının rus dilində qələmə aldığı əsərlər Azərbaycan ruhunu, milli düşüncəsini və insan talelərini geniş oxucu auditoriyasına çatdıraraq böyük rəğbət qazanıb.

Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi İvan Xlebakazov Xalq yazıçısı Natiq Rəsulzadənin zəngin yaradıcılığının humanizm və dərin həyat fəlsəfəsi ilə seçildiyini bildirdi. Çıxışında yazıçı və kinodramaturqun əsərlərinin oxucunu düşündürdüyü, eyni zamanda xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini qeyd etdi.

Bədii hissədə L. və M.Rostropoviçlər adına 21 №-li onbirillik Musiqi Məktəbinin 4-cü sinif şagirdi Raul Həmidov 33 №-li musiqi məktəbinin konsertmeysteri Şahin Yahyəzadənin müşayiəti ilə “O sole mio” italyan mahnısını və Tofiq Quliyevin “Bakı haqqında mahnı”sını, istedadlı müəllim və bəstəkar Esmiralda Hüseynovanın tələbələri Kamran Kərimov N.Rəsulzadənin sevimli müğənnisi Xalq artisti Müslüm Maqomayevin repertuarından «Королева красоты» və «Верни мне музыку», Ayan Mürşüdzadə Tofiq Quliyevin “Məhəbbət çırağı”, Vaqif Mustafa-zadənin “Yollar” mahnılarını ifa etdilər. Ayan Mürşüdzadə və Kamran Kərimov dünyaşöhrətli ispan müğənnisi Xulio İqlesiasın repertuarından “When you tell me that you love me” mahnısını duetlə ifa etdilər.

Rus İcmasının nümayəndələri Lyubov Yakunina, Südabə Abbasova, Avar İcmasının nümayəndəsi Fatima Xutrayeva, Tatar İcmasının fəalları Renat İlyazov, Arzu Məmmədova, Roza Əliyeva, Anna Dovger, fəal oxucular Zenfira Əliyeva, İldırım Mehdi, Yahya Mehdi, Leyla Əliyeva, Kifayət İsmayılova, Nazilə Rzayeva, Fəridə Zamanova, AMEA-nın baş mütəxəssisi Elmiyyə Abdullayeva, Əməkdar mədəniyyət işçisi Zöhrə Əliyeva, bəstəkar Esmiralda Hüseynova, filoloq-alim Rəfayət Əlimirzəyeva və b. Xalq yazıçısı Natiq Rəsulzadəyə suallar verdilər.

Yaradıcılıq gecəsində Xalq yazıçısı, görkəmli kinodramaturq Natiq Rəsulzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. O, uzun illər ərzində oxucuların göstərdiyi diqqət və sevgini özü üçün ən böyük dəyər hesab etdiyini dedi. Xalq yazıçısı qeyd etdi ki, əsərlərində tez-tez faciəli mövzuya toxunsa da, həyatın özündə yumoru və işığı qorumağa çalışır. O, insan həyatı yalnız sevincdən ibarət olmadığı kimi, ədəbiyyat da yalnız xoş sonluqlarla yaşaya bilməz. Buna baxmayaraq, o, oxucunun qəlbində ümid işığı saxlamağın vacib olduğunu qeyd etdi. Natiq Rəsulzadə ədəbiyyatın insan həyatında xüsusi yer tutduğunu vurğulayaraq, yazıçının əsas vəzifəsinin insanı düşündürmək və mənəvi dəyərləri yaşatmaq olduğunu dedi. O, gənc nəslin kitaba və mütaliəyə maraq göstərməsinin vacibliyini də xüsusi qeyd etdi. Sonda ədib onun yaradıcılığına göstərilən diqqətin özünə yeni əsərlər yaratmaq üçün əlavə stimul verdiyini bildirdi.

Tədbir iştirakçıları M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə hazırladığı Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunmuş və “Bizə yaxın olan Xalq yazıçısı Natiq  Rəsulzadə” adlı videoçarxları izlədilər.

Xalq yazıçısı Natiq Rəsulzadə avtoqraflı kitablarını oxucularına hədiyyə etdi.

Tədbirdə Xalq yazıçısının kitablarından ibarət sərgi nümayiş olundu.

Tədbirin qonaqları Azərbaycan Milli İncəsənət Muzeyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Xalq rəssamı Cahangir Rüstəmovun 100 illik yubileyinə həsr olunmuş “Sənət yolunun izləri: Cahangir Rüstəmovun yaradıcılıq dünyası” və klassik, müasir müəlliflərin yaradıcılıq nümunələrinin bir araya gələrək Bakı şəhərinin çoxqatlı simasını təqdim edən “Küləklər şəhərinin salnaməsi. IXX – XXI əsrlər rəssamlarının əsərlərində Bakı” adlı ekspozisiyalara baxış keçirdilər.

Yaradıcılıq gecəsində diplomatik korpusun nümayəndələri,  görkəmli yazıçılar, ziyalılar, sənət adamları, mədəniyyət işçiləri, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın fəal və Fəxri oxucuları, şagird və müəllimlər, geniş ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.

Xalq yazıçısının həyat və yaradıcılığına həsr olunmuş videoçarx kitabxananın YouTube kanalında aşağıdakı keçiddə yerləşdirilib: