Dünya bazarında neft erasında yeni mərhələ

Hörmüz boğazının bağlanması və bununla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin həddən artıq dərəcədə bahalaşması neft erasında yeni mərhələnin başlandığını göstərir.

Bu gün neftin nəqli istiqamətinin dəyişməsi aktual məsələyə çevrilərək siyasi dairələrin müzakirəsinə çevrilib. İsrailin Baş naziri Benyamin Netanyahu təklif edib ki, Yaxın Şərq ölkələrindən (Səudiyyə Ərəbistanı, Qətər, Küveyt, İraq) dünya bazarına neft ixrac etmək üçün yeni boru kəməri çəkmək lazımdır və bu boru kəməri İsrail üzərindən keçməklə neft Qırmızı dəniz sahillərinə çatdırıla bilər. Bunun üçün isə iri həcmdə sərmayə lazımdır ki, kəmərin çəkilməsi ilə yanaşı İsrail sahillərində neft terminalı da tikilsin.

Tanınmış Rusiyalı iqtisadçı, professor İqor Linsiç bildirib ki, əgər Hörmüz boğazı uzun müddət bağlı qalsa İsrailin baş nazirinin təklifi reallaşa bilər. Bununla yanaşı Kanadanın yataqlarından hasil edilən neftin də okean sahilinə çatdırmaq üçün boru kəməri çəkilə bilər və bu məsələ də gündəmdə duraraq Qərbin siyasi hakimiyyətinin dəhlizlərində müzakirə olunur.

Eyni zamanda ABŞ artıq Venesuela neft sənayesinə sərmayə yatırıb hasilatı artırmağa çalışır. Bununla əlaqədar Ağ evdə prezident Donald Tramp ilə ABŞ-ın iri neft şirkətlərinin rəhbərləri arasında görüş keçirilib və bir sıra şirkətlər Venesuelaya müəyyən şərtlər çərçivəsində sərmayə yatırmaq üçün razılıq veriblər.

Neft əsasən mühərrik yanacağı olduğu üçün baha başa gəlməsi və geosiyasi mübarizələrin mərkəzində yer alması elektriklə çalışan mühərriklərin aktuallığını artırıb. Elektromobil istehsalına getdikcə daha çox üstünlük verilir və artıq cəmiyyətin ayrılmaz istəyinə çevrilib. Artıq Almaniyada, minik maşınları ilə yanaşı elektrik mühərrikli yük avtomobillərinin də kütləvi istehsalına keçid edib. Çin bu sahədə daha da irəli gedib və artıq yük daşıyan gəmilərin də elektrik mühərrikinə keçid etməsi üçün layihələr həyata keçirir.

Lakin bütün bunlar müasir dövrün iqtisadi sisteminin əsasını təşkil edən neftin əhəmiyyətini azaltmır. Qlobal güclərin yuxarıda göstərilən tədbirləri dünya bazarında neftin qiymətini aşağı sala bilər. Lakin nefti istehlakdan çıxarmaq və onu elektrik enerjisi əvəz etmək hələlik mümkün deyil.

Hələlik isə dünya bazarında neftin qiyməti artmaqda davam edir.//Azərtac