Dövlət qulluğuna qəbul üzrə test imtahanına qeydiyyat başlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 13-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək.
DİM-dən bildirilib ki, imtahan Bakı və Naxçıvan şəhərlərində saat 11:00-da təşkil olunacaq.
A növü üzrə AB və AC, B növü üzrə isə BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək imtahanda AB və BA qrupları üzrə test imtahanı elektron formada, AC və BB qrupları üzrə isə kağız daşıyıcılar vasitəsilə aparılacaq.
İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı noyabrın 12-si saat 10:00-dan noyabrın 30-u saat 23:59-dək davam edəcək. Namizədlər qeydiyyatdan keçmək üçün DİM-in internet portalında “Şəxsi kabinet” yaratmalı (əvvəlcədən kabineti olmayanlar), hesaba müvafiq məbləğdə vəsait daxil etməli və “Aktual elektron imtahanlara qeydiyyat, buraxılış vərəqəsi və nəticələrin çapı” platforması vasitəsilə müvafiq xidməti seçməlidirlər.
İmtahanda iştirak etmək üçün ödəniş tarifləri və ödəniş üsulları barədə ətraflı məlumat DİM-in internet saytında yerləşdirilib.
Qeyd olunub ki, qeydiyyatdan keçdiyi halda imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmır.

