41 Şamkənd şəhidinin mərmər xatirəsi

Laçın rayonunun Şamkənd kəndində Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Anım mərasimində uzun illərin ayrılığından, doğma yurda qayıdış həsrətindən və ağır itkilərin ağrısından keçən kənd sakinləri, şəhid ailələri, ziyalılar və qonaqlar bir araya gələrək torpaqlarımızın azadlığı uğrunda həyatlarını qurban verən qəhrəmanları ehtiramla yad ediblər.

Anım tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Vətən və torpaq uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hər bir ehtiram ifadəsi bir ömrün xatirəsinə, bir ailənin yaşadığı ağrıya, bir elin yaddaşına ünvanlanan səssiz ehtiramın təzahürü olub.

Anım mərasimində Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyeva, şəhid Səma Kərimovanın anası, şəhid Yusif və Asif Əliyevlərin bacısı Sevda Kərimova, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov, Laçın şəhər sakini Qəzənfər Hüseynov və b. çıxış ediblər.

Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların qəhrəmanlığı, xalqımızın mübarizə əzmi və şəhidlərin xatirəsinin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Qarabağ Zəfərinin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və diplomatik fəaliyyəti xüsusi qeyd edilib.

Şamkənd kəndində ucaldılan abidə kompleksinin mərmər lövhələrində 41 şəhidin adı əbədiləşdirilib. Laçının Şamkənd kəndi Birinci Qarabağ və 44 günlük Vətən müharibəsində 41 şəhid verib.

Mərasimin ən təsirli məqamlarından biri şəhid Yusif və Asif Əliyevin bacısı, şəhid Səma Kərimovanın anası Sevda Kərimovanın çıxışı olub. Sevda xanım Şamkənd sakinlərinə, şəhid qardaşlarının yadigarlarına və abidə kompleksinin ərsəyə gəlməsində əməyi olan insanlara təşəkkürünü bildirib.

O, qalib Azərbaycan Ordusuna və Müzəffər Ali Baş Komandana minnətdarlığını ifadə edib, ölkəmizə sülh və əmin-amanlıq arzulayıb.

Şamkənddə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin yaradılmasında şəhid Yusif və Asif Əliyevlərin övladları Akif, Söhrab və Vaqifin böyük əməyi olduğu bildirilir. Bu təşəbbüsün mənəvi dəyəri xüsusilə böyükdür. Çünki şəhidlərin xatirəsini yaşatmaq yalnız keçmişi anmaq deyil, gələcəyə qarşı məsuliyyəti də öz üzərinə götürməkdir.

Şamkənddə keçirilən anım mərasimi doğma torpağa qayıdışın mənəvi əhəmiyyətini də bir daha üzə çıxarıb. Uzun illər yurd həsrəti ilə yaşayan insanların öz ata-baba ocaqlarında yenidən bir araya gəlməsi onların yaddaşında silinməz iz buraxır.

Mərasimin sonunda şəhidlərin əziz xatirəsi bir daha ehtiramla yad edilib, onların ruhuna dualar oxunub, ehsan süfrəsi verilib.

    Həmidə NİZAMİQIZI

    jurnalist, teatr tənqidçisi

Fotosessiya