Bakı Qızlar Universiteti açıqlama yayıb

Son günlər bəzi informasiya resurslarında və sosial şəbəkələrdə Bakı Qızlar Universitetinin fəaliyyəti ilə bağlı həqiqəti əks etdirməyən və universitetimizin nüfuzuna kölgə salmağa yönəlmiş paylaşımlar yayımlanır.

    Bakı Qızlar Universiteti Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və milli təhsil ənənələrinə sadiq qalaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsil siyasətinin prioritet istiqamətlərinə uyğun fəaliyyət göstərən ali təhsil müəssisələrindən biridir. 1992-ci ildən fəaliyyət göstərən, üç onillikdən artıq bir dövr ərzində minlərlə məzun yetişdirən, ölkəmizin elm, təhsil və ictimai həyatına dəyərli töhfələr vermiş yalnız qızların ali təhsil aldığı müəssisədir. Universitetimiz fəaliyyətini hər zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, dövlətin təhsil siyasətinə və milli-mənəvi dəyərlərimizə uyğun şəkildə qurmuşdur.

   Azərbaycan maarifçilik tarixində xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qızların təhsilinə verdiyi böyük dəstək, ilk müsəlman qız məktəbinin yaradılması ilə başlanan nəcib ənənə bu gün də yaşayır.  Bakı Qızlar Universiteti  həmin maarifçilik yolunun müasir dövrdə  də davam etdirilməsinə öz töhfəsini verir.Məzunlarımız arasında məktəb direktorları, uşaq bağçalarının rəhbərləri, psixologiya mərkəzlərinin təsisçiləri və rəhbərləri, ali və ümumi təhsil müəssisələrinin müəllimləri, dövlət və özəl sektorda çalışan mütəxəssislər, elm adamları və müxtəlif peşə sahibləri vardır.

    Qızlar üçün ayrıca ali təhsil müəssisələrinin mövcudluğu dünyada nadir hal deyil. Yaponiya, Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Pakistan, Hindistan və digər ölkələrdə qadınların ali təhsilinə xidmət edən nüfuzlu qızlar universitetləri uzun illərdir uğurla fəaliyyət göstərir və cəmiyyətin inkişafında mühüm rol oynayır.

   Bakı Qızlar Universitetinin formalaşdırdığı təcrübə  region ölkələrinin də diqqətini cəlb etmiş, müxtəlif ölkələrin nümayəndələri( Türkiyə, Belarusiya, Qazaxıstan) universitetimizin fəaliyyəti ilə yaxından maraqlanmış, qadın təhsili sahəsindəki modelimizi öyrənmiş və bu istiqamətdə əməkdaşlıq əlaqələri qurmuşlar. Bu, universitetimizin gördüyü işin dəyərinin və əhəmiyyətinin göstəricilərindən biridir.

  Biz hesab edirik ki, hər bir ali təhsil müəssisəsinin fəaliyyəti barədə fikir yürüdərkən yalnız rəsmi məlumatlara, obyektiv faktlara və peşəkar yanaşmaya əsaslanmaq lazımdır. Təhsil müəssisələrinin nüfuzuna xələl gətirən əsassız məlumatlar nə təhsilin inkişafına, nə də cəmiyyətin sağlam informasiya mühitinə xidmət edir.

İnanırıq ki, Azərbaycan cəmiyyəti maarifçilik ənənələrinə, qadın təhsilinin inkişafına və bu yolda xidmət göstərən elm ocaqlarına hər zaman yüksək dəyər verməyə davam edəcək.

 

 Bakı Qızlar Universiteti

Mətbuat və ictimaiyyətlə  əlaqələr şöbəsi