Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
İyulun 15-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 75, o cümlədən borclu şəxs qismində axtarılan 57 nəfər saxlanılaraq, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib, ümumi çəkisi 5,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqrama yaxın heroin, eləcə də 2,2 kiloqrama yaxın metamfetamin və 2,1 kiloqramdan çox marixuana olub. Həmçinin yabanı halda bitmiş 3,4 ton çəkidə 10 min 115 çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbaraatan, 1 qumbaraatan mərmisi və 8 tüfəng aşkar edərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

