Bir gündə eyni dəmir yolu keçidində iki avtomobil qatarla toqquşub
Ötən gün dəmir yolunun Xaçmaz-Çarxı sahəsində yerləşən qorunmayan keçiddə qısa zaman kəsiyində qeydə alınan 2 yol-nəqliyyat hadisəsinin təhlili bu sahədə hələ də sürücü intizamının qənaətbəxş olmamasından xəbər verir.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, aprelin 29-u saat 09:00 radələrində Xaçmaz şəhər sakini Taleh İsmayılovun idarə etdiyi “Toyota” markalı avtomobil dəmir yol xəttinin Çarxı kəndi ərazisində yerləşən qorunmayan keçiddə yük qatarı ilə toqquşub.
Bundan bir qədər sonra, saat 12:00 radələrində eyni keçiddə növbəti toqquşma faktı qeydə alınıb. Bu dəfə rayonun Xanlıqoba kənd sakini Taryel Kazımovun idarə etdiyi eyni markalı avtomobil yük qatarı ilə toqquşmadan yayına bilməyib. Hər iki qəzada sürücülər xəsarət alıb, dəmir yol təsərrüfatına, xüsusilə avtomobillərə ciddi ziyan dəyib.
Aparılan təhlillər göstərib ki, eyni ərazidə ardıcıl qeydə alınan bu qəzaların baş verməsinə səbəb bilavasitə sürücü məsuliyyətsizliyidir. Başqa sözlə, yaxınlaşan qatarı görsələr də, nəqliyyat vasitələrinin relslər üzərindən rahat keçidini təmin etmək üçün yaradılmış yol infrastrukturuna güvənən sürücülərin nizamlama vasitələrinin tələbinə əhəmiyyət vermədən keçidə daxil olması sonda qəzaları qaçılmaz edib.
“BDYPİ bir daha xatırladır ki, nəqliyyat vasitələrinin sürücüləri dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, işıqforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etdikdən sonra hərəkət etməlidirlər”,- deyə məlumatda vurğulanıb.

