Narkotik vasitənin təsiri altında yük maşınını idarə edən sürücü saxlanılıb

Aprelin 22-də saat 13:00 radələrində Bakı–Quba yolunun 129-cu kilometrliyində “DAF” markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Şivəxanov Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə nəqliyyat vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb. Daha sonra sürücü dövlət qeydiyyat nişanını qəsdən palçıqlayaraq bu vəziyyətdə hərəkətini davam etdirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunmuş və nəqliyyat vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilmiş, məhkəmənin qərarı ilə A.Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.