Aksizli məhsulların dövriyyəsi ilə bağlı vergi nəzarəti tədbirləri davam etdirilir
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirilib.
DVX-dən bildirilib ki, tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Cari ilin avqust ayı ərzində Bakı şəhərində, habelə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyənləşib.
Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb. Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1288 ədəd saxta aksiz markası, ümumi həcmi 25 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.
Qeyd edilməlidir ki, saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.
Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması “kölgə iqtisadiyyatı”nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə istehlakçıların da fəal iştirakı və aksizli məhsulların qanuni dövriyyəsinin təmin edilməsinə töhfə verməsi üçün Dövlət Vergi Xidmətinin “E-Vergi” mobil tətbiqində yeni funksionallıq istifadəyə verilib. Tətbiqin “Xidmətlər” bölməsində yerləşən “Təqib və İzləmə Sistemi” vasitəsilə aksizli malların qablaşdırmalarının və ya aksiz markalarının üzərində yerləşdirilmiş məcburi nişan kodlarını (QR kod) skan etməklə məhsul barədə məlumat əldə etmək mümkündür.
Məlumatlarda hər hansı uyğunsuzluq aşkar edildikdə isə istifadəçilər həmin tətbiq vasitəsilə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət edə bilərlər. Yeni funksionallıq istehlakçılara aksizli mallar barədə məlumatları operativ şəkildə yoxlamağa və aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat verməyə imkan yaradır.
Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
“E-Vergi” mobil tətbiqindən istifadə etmək üçün tətbiqi aşağıdakı keçidlər vasitəsilə mobil cihazlara yükləmək olar:
App Store
Google Play

