Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir
Xəzər dənizinin səviyyəsində baş verən dəyişikliklər sahilyanı ərazilərdə həm təbii, həm də antropogen risklərin artmasına səbəb ola bilər. Bu səbəbdən şəhərsalma və infrastruktur layihələri dənizin mümkün səviyyə tərəddüdləri nəzərə alınmaqla həyata keçirilməlidir.
Yerveinsan.az bildirir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov bildirib.
Alim qeyd edib ki, Xəzər sahilləri quru ilə su səthinin təmasda olduğu mürəkkəb ekosistemlərdən ibarətdir. Eyni zamanda, Azərbaycanın ən böyük şəhərlərinin və çoxsaylı yaşayış məntəqələrinin Xəzər sahilində yerləşməsi bu ərazilərdə gedən proseslərin əhəmiyyətini daha da artırır. Həm dəniz səviyyəsinin qalxması, həm də enməsi sahilyanı ərazilər üçün müxtəlif risklər yaradır. Səviyyənin qalxması zamanı yaşayış məntəqələrinin, əkin sahələrinin, çimərliklərin və infrastrukturun su altında qalması təhlükəsi yarana bilər. Hazırda müşahidə olunan enmə isə sahil xəttinin geri çəkilməsinə və dib relyefinin dəyişməsinə səbəb olur.
“İndi Xəzər sahillərində səviyyə aşağı düşür. Bəzi ərazilərdə çimərliklər 100–200 metr, ayrı-ayrı yerlərdə isə 500 metrədək geri çəkilir. Bu zaman dib relyefi dəyişir və bu da təhlükəli vəziyyətlərə, o cümlədən çimərliklərdə bədbəxt hadisələrə gətirib çıxara bilir”, - deyə mütəxəssis qeyd edib.
M.İsmayılov xüsusilə Abşeron yarımadasının sahilboyu ərazilərində həyata keçirilən layihələr zamanı gələcəkdə Xəzərin səviyyəsinin yenidən yüksələ biləcəyinin nəzərə alınmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, sahilyanı ərazilərdə risk və təhlükələrin kompleks qiymətləndirilməsi aparılmalıdır. Bu qiymətləndirmə həm təbii, həm də antropogen ekosistemləri əhatə etməlidir.
Müsahibimiz bildirib ki, rəhbərlik etdiyi laboratoriyada aparılan çöl tədqiqatları əsasında sahilboyu ekosistemlərin ekoloji sabitlik xəritəsi hazırlanıb. Xəritədə təbii və antropogen ekosistemlərin nisbəti, ekoloji tarazlığın qorunması və sahilyanı ərazilərdə mövcud problemlər nəzərə alınıb.
“Xəzərsahili şəhərlərdə ekoloji şəbəkələrin yaxşılaşdırılması vacibdir. Bakı, Lənkəran, Astara, Şabran, Sumqayıt və digər sahilyanı şəhərlərdə ekoloji şəbəkələrin yaradılması və inkişaf etdirilməsi ekoloji tarazlığın qorunmasına mühüm töhfə verə bilər. Böyük layihələr həyata keçirilərkən ekoloji tarazlıq və ekoloji şəbəkə nəzərə alınmalıdır. Xəzər sahillərində görülən işlər həm dənizin səviyyəsinin hazırkı enməsi, həm də gələcəkdə mümkün yüksəlməsi baxımından qiymətləndirilməlidir”, - deyə alim qeyd edib.

