Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi, dramaturq Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Bu barədə  institutdan bildirilib. Konfransda institutun direktoru akademik Teymur Kərimli Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun ədəbiyyatımızdakı müstəsna rolundan, onun zəngin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı əhəmiyyətindən bəhs edib. Səməd Vurğun yaradıcılığını renessans düşüncəsi kontekstində dəyərləndirən alim onun humanist ideyalarının və geniş dünyagörüşünün bu baxımdan səciyyəvi olduğunu vurğulayıb. Bildirib ki, Səməd Vurğun irsi bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Açılış nitqindən sonra 190 nömrəli məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlər görkəmli şairin yaradıcılığından şeir nümunələri səsləndiriblər.

Konfransda institutun şöbə müdirləri Nailə Səmədova və Elnurə Babayeva, Folklor İnstitutunun əməkdaşı dosent İlhamə Qəsəbova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları - Məlahət Babayeva və Leyla Həsənova, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Aypara Abbasova, o cümlədən Aytən Quliyeva və Nərgiz Mustafazadə məruzələrində şairin ədəbi irsini müxtəlif aspektdən təhlil edib, onun poeziyasında vətənpərvərlik, humanizm və milli dəyərlərin geniş şəkildə əks olunduğunu diqqətə çatdırıblar.

Məruzələrdən sonra S.Vurğunun nəticəsi, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov şairin zəngin irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən danışıb. Belə tədbirlərin milli ədəbi irsimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran musiqiçi institut rəhbərliyi başda olmaqla konfransın keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda konfrans iştirakçıları “Səməd Vurğun - 120” adlı sərgi ilə tanış olublar. Sərgidə şairin portreti, ailə fotoları, şəxsi arxiv materialları, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Aygün”, “Muğan”, “Ayın əfsanəsi”, “Təzə il sovqatı”, “Sözün şöhrəti”, “Dörd söz” və bir sıra əsərlərinin avtoqraf nüsxələri, onun yaradıcılığına həsr edilmiş nəşrlər nümayiş olunub.