Dövlət qulluğu üzrə növbəti test imtahanlarının tarixi açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 3-də dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC qruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə test imtahanları keçirəcək.

DİM-dən bildirilib ki, imtahan elektron formada kompüterlər vasitəsilə Bakı şəhərində təşkil olunacaq.

BA və BB vəzifə qruplarına uyğun imtahan saat 10:00-da, AB, AC vəzifə qruplarına uyğun imtahan isə saat 16:00-da başlanır.

İmtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı aprelin 2-dən 22-dək aparılacaq.

İmtahan vermək istəyən şəxslər DİM-in portalında “Şəxsi kabinet” yaratmalıdır (şəxsi kabineti olmayanlar). Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.