Ağsuda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxslər həbs ediliblər

Martın 23-də Ağsu rayonunda yerləşən otlaq sahədə 1983-cü il təvəllüdlü Zahirə Şükürovanın meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə  Ağsu Rayon Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, aparılan araşdırmalarla martın 22-də Ağsu rayon sakinləri 1977-ci il təvəllüdlü Əyyub Sahabovun və 1977-ci il təvəllüdlü Seymur Məmmədovun qabaqcadan əlbir olan bir qrup şəxs halında Zahirə Şükürovanı qəsdən öldürdükdən sonra zərərçəkmiş şəxsin meyitini rayonunun Muradlı kəndindən yerləşən otlaq sahəyə aparmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə Əyyub Sahabov və Seymur Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Ağsu Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.