Dərələyəzli Molla İmranın yüz il qorunan qədim kitabları - FOTOLAR

Professor Mahirə Hüseynova: “Dərələyəz mahalının sayılıb-seçilən ruhanilərinə məxsus elmi irsin öyrənilməsi Türk dünyasının vacib tərkib hissəsi olan bu coğrafiyanın mədəni irsi haqqında dolğun təsəvvür yaradar”.
Əsrarəngiz gözəllikləri, meşə massivi, dağ silsiləsi, flora və faunası, bitgi örtüyü, yaylaqları, bulaqları, kəhrizləri, maddi və qeyri-maddi mədəniyyət abidələri ilə insanları heyran qoyan qədim türk yurdu Dərələyəz mahalı təkcə təbiəti ilə deyil həm də elmi-ədəbi mühiti ilə də öz səciyyəvi xüsusiyyətlərini qormuşdur. Təsadüfi deyil ki, fransız əsilli rus səyyahı İvan İvanoviç Şopen Qərbi Azərbaycanın Dərləyəz mahalını Qafqazın İsveçrəsi adlandırıb. Xüsusilə Dərləyəzin folkloru, elmi və ədəbi mühtinin formlaşdırdığı zəngin miras Qərbi Azərbaycan mədəni irsinin ən vacib tərkib hissəsidir.
Dərələyəz mahalının elmi ədəbi mühitinin öyrənilməsində ruhani institutunun elmi təsissatları olan mədrəsələrin fəaliyyəti də mühüm yer tutur. Çar Rusiyası dönəmində Dərələyəz mahalının bir çox kəndlərində dini təlimlər keçən mədrəsələr əsl elm ocaqları idi. Bundan başqa həmin mədrəsələrdə dini təhsil alan ruhanilər sonra dini təhsilini davam etdirmək üçün İraqın Nəcəf, Suriyanın Şam və və İranın Qum şəhərində dini hövzələrdə öz təhsillərini davam etdirirdilər. Adıçəkilən coğrafiyada əsasən İslam dinin Cəfəri (şiə) məhzəbinə etiqad göstərdikləri üçün daha çox akademik şiə ruhani təsisatlarının yerləşdiyi həmin şəhərlərdə təhsillərini davam etdirirdilər. Nəzərə alsaq ki, əhalinin böyük hissəsi həmin dönəmlərdə savadsız idi o halda akademik dini təhsil almış şəxslərin ruhani qismində cəmiyyət üçün nə qədər faydalı olduğu göz önündə canlanır. Belə şəxslər sonradan mahalın elmi və ədəbi mühitini formalaşmasında aparıcı rol oynayırdılar.
Bu gün haqqında söhbət açacağımız Molla İmran da belə şəxslərdən biridir. Molla İmran Həsənalı oğlu Həsənov 1865-ci ildə Dərələyəz mahlının Terp kəndində anadan olub. İlk dini təhsilini atası Həsənalıdan alıb (atası Nəcəfdə dini təhsil alması bildirilir). İmran Həsənov 1882-ci ildə Terp kəndindən İraqın Nəcəf şəhərinə gedərək orada 1895-ci ilədək təhsilini davam etdirib. 1896-cı ildə Dərələyəzə qayıdaraq mahalın saylı-seçilən din xadimlərindən olub.1905-1906-cı ildə ermənilər tərəfindən dinc əhaliyə qarşı həyata keçirilən soyqırımının şahidi olub. Ailəsi ilə birlikdə 1918-1919-cu illərdə Cənubi Azərbaycana keçməli olub. Sonra isə öz dogma kəndlərinə qayıdıb. O, Sona Ağamalıyeva-Həsənova (1874-1974) ilə ailə qurub. İmran Həsənov ömrünün sonuna qədər (1925) Dərləyəz mahalında dini fəaliyyətlə məşğul olub. Övladları və həyat yoldaşı 1951-ci ildə öz doğma yurdlarından deportasiya edilərək Salyan rayonun Qarabağlı kəndinə köçüblər. Hazırda İmran Həsənovun nəsli burada yaşayır. Molla İmranın nəslinin davamçısı Hacı Hüsnü Həsənov onun yolunu davam etdirir. O, Qafqaz Müsəlmanları İdarəsinin Salyan (Şirvan, Nefçala, Hacıqabul) rayonu da daxil olmaqla bir neçə rayonun Qazısıdır.
Molla İmranın zəngin kitabxanası ailə üzvləri tərəfindən yuz ildən artıqdır ki, mühafizə edilərək qorunmuşdur. Hazırda bu zəngin kitabxana din xadimi Hacı Hüsnünü şəxsi arxivində saxlanılır. Molla İmranın kitabları Dərləyəz elmi-ədəbi mühitinin öyrənilməsində önəmli mənbələrdəndir. Bu sahədə elmi araşdırmalar aparan ADPU-nin prorektoru professor Mahirə Hüseynova bu kitabların tədqiq edilməsini zəruri hesab edir. Qeyd edək ki, professor M.Hüseynova Qərbi Azərbaycan aşıq mühitinə aid ilk doktrorluq dissertasiyasının müəlifidir. Onun “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda yazdığı elmi monoqrafiya bu mövzuda yazılmış ilk doktorluq dissertasiyasıdır.
Qeyd: Sözügedən qədim kitabları "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya" layihəsi çərçivəsində Salyan rayonun apardığımız araşdırma zamanı bizə təqdim edilmişdir.
Səməd Vəkilov
Tədqiqatçı-hüquqşünas
Fotoqraf: Rahim Qədimov