BDYPİ sürücülərə növbəti dəfə müraciət edib

Sumqayıt şəhəri, Sahil küçəsində 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həmin hadisənin görüntülərini yayıb.
BDYPİ-dən verilən məlumatda hadisəyə araşdırmalardan sonra hüquqi qiymət veriləcəyi bildirilib.
Eyni zamanda, sürücülərə müraciət edilərək qeyd olunub ki, sürət həddinə, manevretmə qaydalarına əməl etmək hər kəsin vəzifəsidir. Bəzən insan müqəddəratını həll edən bu qaydalara etinasız yanaşmanın aqibəti də yəqin ki, hamıya məlumdur. “Təəssüf ki, intizamsızlıq, məsuliyyətsizlik, yaxud səbirsizlik səbəbindən hələ də bu kimi qayda pozuntularının və onların acı nəticələrinin şahidi oluruq. Əfsus ki, kobud qayda pozuntularının müşahidə edildiyi bu qəzada həlak olan sərnişini həyata qaytarmaq mümkün olmayacaq. Unutmayın ki, tutduğunuz sükan həm də sizin və həyatını sizə etibar edənlərin taleyini idarə edir. Özümüzün və başqalarının həyatına biganə qalmayaq”, - deyə müraciətdə vurğulanıb.