SES TV-də “Qərbi Azərbaycana qayıdışın tarixi-hüquqi aspektləri” müzakirə olundu - FOTOLAR / VİDEO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən SES TV-də növbəti veriliş yayımlanıb.
Verlişin aparıcısı tanınmış hüquqşünas, “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyinin sədri Səməd Vəkilov, qonağı isə "Demokratik Azərbaycan Naminə" Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud olub.
Veriliş zamanı Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların tarixi, hüquqi və statistik faktlar əsasında yurdlarına qayıdış hüququ müzakirə olunub. Səməd Vəkilov fransız əsilli rus səyyahı İvan İvanoviç Şopenin XIX əsrdə Qərbi Azərbaycan və Naxçıvan ərazisi ilə bağlı apardığı əhali siyahıyaalması və dəqiq statistik məlumatların bu gün də qiymətli mənbə olduğunu bildirib. O vurğulayıb ki, Şopenin qeyd etdiyi kimi, həmin ərazilər çar Rusiyasının nəzarətinə keçsə də, idarəetməni düzgün qura bilmək üçün yerli etno-demoqrafik vəziyyətin öyrənilməsinə ehtiyac duyulub və bu məqsədlə konkret araşdırmalar aparılıb.
Verilişin qonağı Elməddin Behbud isə bildirib ki, erməni müəlliflərinin özləri belə 1820-ci illərdə indiki Qərbi Azərbaycanın 2300 yaşayış məntəqəsindən 2000-dən çoxunun türk-müsəlman, yəni azərbaycanlılara məxsus olduğunu təsdiqləyirlər. Təəssüf hissi ilə qeyd olunub ki, cəmi 200 il ərzində bu ərazilərdə yaşayan azərbaycanlıların izləri demək olar ki, tamamilə silinib və hazırda onların sayı sıfıra enib.
Verilişdə həmçinin, deportasiya siyasətinin hüquqi aspektləri, beynəlxalq hüquq normaları baxımından Qərbi azərbaycanlıların geri qayıdış hüququ və gələcəkdə bu istiqamətdə atılmalı olan addımlar geniş şəkildə şərh edilib.