Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
ETN Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Baş direktor akademik Akif Əlizadə giriş sözündə kollektivi qarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrik edərək xoş arzularını ifadə edib. Akademik sonra elmi müəssisə əməkdaşları – geologiya-mineralogiya elmləri doktoru Muxtar Rüstəmovu 95, geologiya-mineralogiya elmləri namizədi Şahvələd Köçərlini 90 illik yubileyləri münasibətilə təbrik edərək, onlara cansağlığı, kollektivin elmi fəaliyyətinə yeni töhfələr verməyi davam etdirməyi arzulayıb.
Elmi-təşkilati məsələlərin müzakirəsində GGİ Elmi şurası bu ilin aprel ayında akademik Faiq Bağırzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş yubiley iclasının AMEA Yer Elmləri Bölməsi, ADNSU və BDU ilə birlikdə keçirilməsini qərara alıb.
Sonra 2026-cı ildən etibarən aparılacaq yeni kompleks elmi-tədqiqat işlərinin (ETİ) proqramlarının İnstitutun tematik planına daxil edilməsi müzakirə mövzusu olub. C.e.d. Vaqif Məmmədov “Kiçik Qafqazın dağətəyi-düzənlik zonası yeraltı sularının kəmiyyət və keyfiyyət göstəricilərinin məkan-zaman dəyişmələrinin qiymətləndirilməsi” (2026–2030) mövzusu çərçivəsində yerinə yetiriləcək “Qarabağ dağətəyi-düzənlik zonası yeraltı sularının keyfiyyət göstəricilərinin məkan-zaman dəyişməsi prosesinin süni intellekt alətlərinin tətbiqi ilə modelləşdirilməsi” (2026–2028) elmi-tədqiqat işi üzrə geniş icmalla çıxış edib. Ardınca ETN Riyaziyyat İnstitutunun “İdarəetmədə süni intellekt üsullarının tətbiqi” laboratoriyasının rəhbəri t.e.d., professor Ramin Rzayevin ETİ ilə bağlı mütəxəssis çıxışı dinlənilib.
Sonra g.-m.e.n. Rauf Kərimovun “Böyük Qafqazın cənub yamacının filizləşmə zonalarında nadir və nadir torpaq elementlərinin geokimyası və perspektivliyinin qiymətləndirilməsi (2020-2027) mövzusu çərçivəsində həyata keçiriləcək “Böyük Qafqazın cənub yamacının Vəndam zonasında bor filizləşməsinin geoloji-geokimyəvi xüsusiyyətlərinin kompleks tətbiqi və filiz potensialı perspektivliyinin qiymətləndirilməsi” (2026-2027) elmi-tədqiqat işi üzrə təqdimatı reallaşıb. Çıxışlar çoxsaylı sualların cavablandırılması ilə müşayiət olunub.
İclasda həmçinin gənc alim və tələbələrin “Yer elmlərində neyroşəbəkə texnologiyaları” mövzusunda X ənənəvi beynəlxalq elmi konfransının (noyabr ayında), eləcə də geoloq və geofizik tələbələrin, gənc mütəxəssislərin “Yer planetinin vahid sistemi: geosferlərin və təbiət proseslərinin qarşılıqlı əlaqəsi” mövzusunda Ümumrespublika olimpiadasının (aprel-may aylarında) keçirilməsi haqqında qərar qəbul edilib.
Elmi şura iclası müxtəlif məsələlərin müzakirəsilə yekunlaşıb.

