Sabah Bakıda arabir qar yağacaq
Azərbaycanda yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək - 785 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 18-22°, gündüz 7-12° şaxta olacağı ehtimal edilir. Yollar buz bağlayacaq.

