Gəncə, Şəmkir və Xaçmazda əməliyyatlar keçirilib, tutulanlar var
Xaçmazda 375 kiloqram narkotik bitki aşkarlanıb.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları "Xaşxaş-2022" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Namik Kamalovu saxlayıblar.
Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin rayonun Nağıoba kəndi ərazisindəki meşə sahəsində əkib yetişdirdiyi 1948 ədəd yaş vəziyyətdə əkilib-becərilməsi qadağan olunmuş çətənə bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Namiq Kamalovun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə narkotik vasitə yetişdirməkdə şübhəli bilindiyinə görə saxlanılan Təranə Hacıyevanın evindən dipçəklərdə əkilən və qulluq olunan çətənə kolları götürülüb.
Şöbə polislərinin keçirdiyi digər əməliyyatla narkotik vasitələr əkib becərməkdə şübhəli bilinən Rəşadət İbrahimovun evindən də yetişdirdiyi narkotik vasitə kolları aşkarlanaraq müvafiq ekspertizaya təqdim edilib.
Ümumilikdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkarlanan 8 fakt üzrə 70-dən çox çətənə kolları və digər narkotik vasitələr ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları isə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Əfqan Məmmədov, Elçin Həsənov, Nizami Məmmədov, Rifat Abbasov, Nizami Abdullayev, İsgəndər Cabbarov, Elnur Əliyev, Əjdər Babazadə, Ramiz Əliyev və digərləri saxlayıb. Saxlanılan 12 nəfərin üzərinə baxış keçirilən zaman həmin şəxslərdən "metamfetamin" və "heroin" və digər narkotik vasitələr aşkar olunaraq götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.
Faktlarla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

