Sabahın havası

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mayın 3-dən 4-nə keçən gecə ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16°, gündüz 20-25°, Bakıda gecə 14-16°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17°, gündüz 27-32°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.