Yağışlar çaylarda suyun səviyyəsinə təsir etdi
Çaylarda suyun səviyyəsi aşıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublikanın əsasən Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-100, Kiçik Qafqazın çaylarında 40-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-160 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 177 kub/s olmaqla, ongünlük normanın 58 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 420 kub/s olmaqla, ongünlük normanın 138 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 kub/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2018-ci ildə bu rəqəm 85 kub/s olmaqla, ongünlük normanın 76 faizni təşkil edib.
Kür çayının aşağı axımında hazırki vəziyyətə gəlincə, martın 29-da Kür çayının aşağı axımında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 12, Salyanda 9 sm azalma qeydə alınıb, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 sm (2018-ci il martın 29-da 312 sm), Şirvanda 181 sm (2018-ci il martın 29-da 173 sm), Salyanda 99 (2018-ci il martın 29-da 103 sm), Bankədə 167 sm (2018-ci il martın 29-da 167 sm), Araz çayının Novruzlu məntəqəsində isə 33 sm (2018-ci il martın 29-da 48 sm) təşkil edir.

