Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası

Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirakı, noyabrın 9–20-də Türkiyənin Antalya şəhərində keçirilən tədbirdə yaşıl enerji sahəsində milli nailiyyətlərin təqdim olunması ilə məhdudlaşmır. Bakı üçün bu platforma COP29-un diplomatik və iqlim irsinin davam etdirilməsi, həmçinin Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən regional enerji arxitekturasının formalaşdırılmasında Azərbaycanın rolunun gücləndirilməsi baxımından yeni imkan yaradır.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə noyabrın 11–12-də keçiriləcək COP31 Liderlər Sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycan liderinin sammitdə iştirakı Bakı və Antalya iqlim sammitləri arasında varisliyi, həmçinin Azərbaycanın beynəlxalq iqlim dialoqunda rolunu qoruduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev oktyabrın 6-da Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində məhz bu varislik məntiqini vurğulayıb:

“Bu gün burada Bakı COP29-un irsini qarşıdakı əsas qərarlarla əlaqələndirmək, Azərbaycanda formalaşmış müsbət impulsun BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının uğurla keçirilməsinə birbaşa töhfə verməsini təmin etmək üçün toplaşmışıq”.

Bu bəyanat Azərbaycanın daha geniş rolunu əks etdirir: ölkə təkcə Bakıda keçirilmiş konfransın simvolik əhəmiyyətini qorumağa deyil, həm də əldə olunmuş razılaşmaların praktiki davamlılığını təmin etməyə çalışır.

2024-cü ilin noyabrında keçirilən COP29 beynəlxalq iqlim danışıqlarında mühüm mərhələ olub. Konfransın əsas nəticələrindən biri iqlim maliyyələşdirilməsi üzrə yeni kollektiv kəmiyyət hədəfinə dair razılaşmanın əldə edilməsi idi. Bundan başqa, Paris Sazişinin beynəlxalq karbon bazarlarını tənzimləyən 6-cı maddəsinin tam şəkildə işlək vəziyyətə gətirilməsi təmin edildi, itki və zərərlərə cavab verən Fondun fəaliyyəti genişləndirildi. Kiçik ada dövlətlərinin problemlərinə də xüsusi diqqət ayrıldı.

Beləliklə, Bakı irsi yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili təcrübəsini deyil, həm də qlobal iqlim arxitekturasına təsir göstərməkdə davam edən konkret institusional qərarları əhatə edir.

Prezident İlham Əliyev Türkiyə və Avstraliyanın COP31-ə rəhbərliyinə dəstəyini ifadə edərək bildirib:

“Bu fürsətdən istifadə edərək Azərbaycanın COP31-in gələcək rəhbərliyinə – Türkiyə və Avstraliyaya tam dəstəyini ifadə etmək, müxtəlif qitələri birləşdirən bu unikal tərəfdaşlıq formatını yüksək qiymətləndirmək istərdim”.

Hazırkı konfransın formatı əvvəlkilərdən fərqlənir: təşkilati rəhbərliyi Türkiyə həyata keçirir, danışıqlar prosesinə rəhbərlik isə Avstraliyaya həvalə olunub. COP31-in əsas istiqamətlərindən biri əvvəl qəbul edilmiş iqlim öhdəliklərinin praktiki icrasına yönəlmiş “Implementation COP” – icra konfransı konsepsiyasıdır. Burada diqqət yalnız yeni hədəflərin razılaşdırılmasına deyil, mövcud öhdəliklərin yerinə yetirilməsinə yönəldilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da noyabrın 9-da Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında bu yanaşmanı vurğulayıb:

“Məqsədimiz bu sammiti konkret nəticələrin əldə olunduğu, ölkələrin vədlərini əmələ çevirdiyi platformaya çevirməkdir. Çünki artıq kağız üzərində qalan vədlər verməyin vaxtı deyil”.

COP31-in siyasi rəhbərliyi adından yayılan rəsmi bəyanatda da danışıqlardan icraya keçidin zəruriliyi vurğulanıb, tərəflər əməkdaşlığı gücləndirməyə və öhdəlikləri konkret addımlara çevirməyə çağırılıb.

Azərbaycan üçün bu yanaşma iqlim hədəflərindən praktiki layihələrə keçid sahəsində öz təcrübəsini təqdim etmək imkanı yaradır. Ölkənin quruda 135 GVt, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 GVt həcmində bərpaolunan enerji potensialı var. Bu resursların mənimsənilməsi təkcə milli enerji təhlükəsizliyinin gücləndirilməsi vasitəsi deyil, həm də gələcək elektrik enerjisi ixracının əsaslarından biri kimi qiymətləndirilir.

Son beş ildə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları elan edilməsi çərçivəsində dövlət vəsaiti hesabına təxminən 40 kiçik su elektrik stansiyası tikilib. Ölkədə “Xızı-Abşeron” külək elektrik stansiyası, “Abşeron” batareya əsaslı enerji saxlanc mərkəzi və “Qobustan” Günəş Elektrik Stansiyası da istismara verilib. Naxçıvanda “Şəms-1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarının tikintisi davam etdirilir.

Lakin bu siyasətin regional baxımdan ən mühüm istiqaməti transsərhəd enerji infrastrukturunun inkişafıdır. Azərbaycan bir-biri ilə əlaqəli bir neçə istiqaməti irəli aparır: Qara dənizin dibi ilə çəkiləcək enerji kabeli layihəsi, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan quru elektrik ötürmə marşrutu, eləcə də Qazaxıstan və Özbəkistanın iştirakı ilə Xəzər dənizinin şərq sahillərini Azərbaycanla birləşdirməli olan perspektiv enerji dəhlizi.

Məhz bu istiqamətdə Bakının birləşdirici rolu daha aydın görünür. Mərkəzi Asiya bərpaolunan enerji sahəsində əhəmiyyətli resurslara malikdir. Türkiyə və Avropa istiqaməti isə satış bazarlarının genişləndirilməsi üçün perspektivlər yaradır. Bu iki region arasında yerləşən Azərbaycan onların enerji maraqlarını vahid infrastruktur sistemində birləşdirə bilər. Bakının tamhüquqlu iştirakı olmadan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yaşıl enerji əməkdaşlığının regional konfiqurasiyası natamam qalardı.

Mərkəzi Asiya ölkələrinin COP31-də iştirakı da bu mənzərəni tamamlayır. Regionun beş respublikasının hamısı konfransda təmsil olunur. Qazaxıstan və Özbəkistan regional iqlim koordinasiyası məsələlərini fəal şəkildə irəli aparırlar. Prioritetlər sırasında su təhlükəsizliyi, iqlim dəyişikliyinə uyğunlaşma, Xəzər və Aral dənizlərinin ekosistemlərinin bərpası, həmçinin beynəlxalq iqlim maliyyələşməsinin cəlb edilməsi yer alır.

Özbəkistan, xüsusilə, COP31 sədrliyi çərçivəsində başladılmış Climate Implementation Bridge (BRIDGE) təşəbbüsünün ilk beş pilot ölkəsindən biri olub. Prezident Şavkat Mirziyoyev də daha əvvəl Antalya platformasında ekoloji əməkdaşlığın davam etdirilməsi perspektivini qeyd edib. O, Türk Dövlətləri Təşkilatının sammitində çıxışı zamanı tərəfdaşlara 2027-ci ilin TDT çərçivəsində Təbiətin Mühafizəsi İli elan edilməsi təşəbbüsünə dəstəyə görə təşəkkür edib və əsas ekoloji məsələlərin COP31 çərçivəsində keçiriləcək aidiyyəti nazirlərin görüşündə müzakirə olunacağına əminliyini ifadə edib.

Hazırkı konfrans üçün mühüm siyasi fon noyabrın 8-də Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfəri olub. Azərbaycan və Türkiyə prezidentlərinin birgə bəyanatları ikitərəfli münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirib. Bu münasibətlər regional enerji təşəbbüslərinin həyata keçirilməsi baxımından da əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev bildirib:

“Biz keçmişdə də birlikdə olmuşuq, müharibə zamanı da birlikdə idik, bu gün də birlikdəyik və gələcəkdə də birlikdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur. Təbii ki, ikitərəfli münasibətlərdən danışarkən bir çox məsələlərə toxuna bilərik. Onların hamısı məlumdur: siyasi, iqtisadi əlaqələr, investisiyalar, energetika, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi – bütün bunlar bu gün geniş müzakirə olundu. Lakin hesab edirəm ki, səfərin əsas nəticəsi mənim qeyd etdiyim məqamdır: Azərbaycan-Türkiyə birliyi əbədi və sarsılmazdır”.

Ərdoğan isə iki ölkə arasındakı qardaşlığın ortaq dil, tarix və mədəniyyət çərçivəsindən daha geniş olduğunu vurğulayaraq bildirib: “Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu isə bütün millətimizin qüruru hesab edirik”.

Bu bəyanatlar yalnız ikitərəfli siyasi kontekstdə əhəmiyyət daşımır. Türkiyə-Azərbaycan tərəfdaşlığı Mərkəzi Asiya ölkələri ilə energetika, nəqliyyat və ekoloji gündəlik sahələrində daha geniş əməkdaşlıq üçün mühüm təməl formalaşdırır. Siyasi yaxınlıq, coğrafi mövqe və infrastruktur imkanlarının birləşməsi Azərbaycana bu prosesdə əsas iştirakçılardan biri kimi çıxış etmək imkanı verir.

COP31-in əlavə istiqamətlərindən biri də süni intellektdən məsuliyyətli istifadədir. Bu sahədə Beynəlxalq Telekommunikasiya İttifaqı ilə birgə irəli sürülən Antalya AI Pledge təşəbbüsü diqqət çəkir. Konfransın gündəliyində, həmçinin dəniz ekosistemlərinin qorunması, ərzaq təhlükəsizliyi, iqlimə davamlı şəhərlər və təmiz enerjiyə keçid məsələləri yer alır. Azərbaycan üçün bu, yalnız enerji layihələrini deyil, həm də Xəzər dənizinin biomüxtəlifliyinin qorunması istiqamətində görülən işləri təqdim etmək imkanıdır.

Ölkənin “Dialoq dəhlizi” konsepsiyası əsasında açılan milli pavilyonu bu istiqamətləri vahid platformada birləşdirir. Burada bərpaolunan enerji potensialı, yaşıl enerji dəhlizləri layihələri, Qarabağ və Şərqi Zəngəzurdakı təşəbbüslər, “Abşeron” enerji saxlanc sistemi və ətraf mühitin mühafizəsi layihələri təqdim olunur. Pavilyon çərçivəsində 40-dan çox tədbir və görüşün keçirilməsi planlaşdırılıb.

Nəticə etibarilə, Azərbaycanın COP31-də iştirakının əhəmiyyəti yalnız təqdim olunan layihələrin miqyası və ya sammitdə yüksək səviyyədə təmsil olunması ilə müəyyən edilmir. Bakı COP29-un siyasi irsinə, enerji keçidi sahəsində praktiki təcrübəyə və bir neçə regionun iqlim və iqtisadi maraqlarını birləşdirmək imkanlarına malikdir.

Əgər COP29 Azərbaycanın qlobal konsensusun əldə olunmasına töhfə vermək qabiliyyətini nümayiş etdiribsə, COP31 bu rolu artıq razılaşmaların praktiki icrası kontekstində inkişaf etdirmək imkanı yaradır. Eyni zamanda, Türkiyənin iqlim ambisiyaları, Mərkəzi Asiyanın enerji imkanları və Avropa istiqaməti arasında birləşdirici həlqə olaraq Azərbaycan çıxış edir.//Trend.az