Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Karol Navrotskiyə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə məlumat Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident.

Krakov şəhərində törədilmiş qanlı hadisə nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər bizi olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Polşa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Xatırladaq ki, noyabrın 7-də günorta saatlarında Krakovun mərkəzində atışma baş verib. Polşa vətəndaşı olan 24 yaşlı şəxs yoldan keçənlərə atəş açıb. Hadisə nəticəsində ikisi əcnəbi olmaqla, altı nəfər həlak olub, 15 nəfər yaralanıb.

Atəş açan şəxs saxlanılarkən yaralanıb və sonradan xəstəxanada ölüb. Polis onun mənzilində valideynlərinin və bacısının meyitlərini aşkar edib.

Hadisə terror aktı kimi araşdırılır. Polşada ümummilli matəm elan edilib.

Terror aktından sonra Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun əməkdaşları potensial təhlükə yarada biləcək beş nəfəri saxlayıblar.

Polşa Daxili İşlər Nazirliyinin mətbuat katibi Karolina Qaletskayanın sözlərinə görə, saxlanılan şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti potensial təhlükə mənbəyi hesab olunub.