Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) Aparatının işçilərinin say həddi 66 ştat vahidi, regional bölmələrinin işçilərinin say həddi 9 ştat vahidi müəyyən edilib.

Eyni zamanda Agentliyin tabeliyində “Dövlət Ehtiyatlarının Saxlanılması Mərkəzi” (bundan sonra – Mərkəz) büdcə təşkilatı yaradılır.

Müəyyən edilib ki, Mərkəz Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılmasını həyata keçirir.

Mərkəzin işçilərinin say həddi 200 ştat vahididir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

- Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını;

- Agentliyin Kollegiya üzvlərinin sayını və tərkibini;

- Mərkəzin işçilərinin əməkhaqlarının (vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər) məbləğlərini və əməyin ödənilməsi sistemini;

- Agentlik tərəfindən yaradılan dövlət ehtiyatlarının saxlanılması və Mərkəzin cari fəaliyyətinin təşkili üçün zəruri olan aktivlərin Agentliyin balansından Mərkəzin balansına verilməsi ilə bağlı tədbirlər görülməsini təmin etməlidir.

Eyni zamanda bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
 
Agentlik Mərkəzin əsasnaməsini və strukturunu bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

- Agentliyin və Mərkəzin fəaliyyətinin təşkili üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutmalıdır.

- Mərkəzin 2026-cı ildə maliyyələşdirilməsini “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsinin 1.11.6.10-cu abzasında nəzərdə tutulmuş vəsait hesabına təmin etməlidir.

- “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan büdcə təşkilatının strukturunun və əməkhaqqı sisteminin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.

Sənədə əsasən, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I); 2024, № 2, maddə 145) 1-ci və 2-ci hissələri ləğv edilir.