Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı hazırlanacaq

Daşkəsən dəmir filizi yataqlarında perspektivli geoloji kəşfiyyat sahələrinin müəyyən edilməsi və prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramının hazırlanması nəzərdə tutulur.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.

Sənədə əsasən, metallurgiya sənayesi üçün əhəmiyyət kəsb edən perspektivli sahələrdə və mövcud yataqlarda, o cümlədən strateji əhəmiyyətli mineralların (nadir torpaq elementləri daxil olmaqla) mövcud olduğu sahələrdə özəl sektor cəlb edilməklə geoloji axtarış, kəşfiyyat, ehtiyatların qiymətləndirilməsi və dəqiqləşdirilməsi işlərinin mərhələli şəkildə aparılması planlaşdırılır.

Dövlət Proqramına görə, Daşkəsən dəmir filizi yataqlarında prioritet sahələr üzrə geoloji kəşfiyyat proqramı təsdiq edilərək, icraya hazır vəziyyətə gətiriləcək. Geoloji kəşfiyyat işləri aparılmış ərazilərin ümumi sahəsi 15 min kvadratkilometrə çatdırılacaq və perspektivli yataqlar üzrə mineral ehtiyatlar beynəlxalq hesabatlılıq standartlarına uyğun qiymətləndiriləcək.

“Mürəkkəb geoloji şərait, geoloji məlumatların yetərsizliyi, habelə maliyyə və texniki təminatla bağlı çətinliklər geoloji kəşfiyyat işlərinin icrasına və ehtiyatların qiymətləndirilməsinə təsir göstərə bilər. Bu riskin azaldılması məqsədilə müasir geoloji tədqiqat metodları tətbiq olunacaq, işlər mərhələli şəkildə həyata keçiriləcək və ehtiyatların beynəlxalq standartlara uyğun qiymətləndirilməsi təmin ediləcək. Özəl sektorun geoloji kəşfiyyat layihələrində iştirakının gözləniləndən aşağı olması işlərin genişləndirilməsini məhdudlaşdıra bilər. Bu riskin azaldılması məqsədilə geoloji məlumatların investorlar üçün əlçatanlığı artırılacaq və özəl sektorun geoloji kəşfiyyat layihələrində iştirakı təşviq ediləcək”, - deyə sənəddə bildirilir.