Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

Ağdərə Qarabağın “yaşıl enerji” mərkəzinə çevrilir

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən Ağdərə rayonunda irihəcmli enerji layihələri həyata keçirilir. Belə ki, Tərtərçayın Ağdərə rayonundan keçən hissəsində 8,2 meqavat gücündə “Çardaqlı-1” və 6,8 meqavat gücündə “Çardaqlı-2” su elektrik stansiyaları tikilir. Layihə çərçivəsində hər iki stansiya üçün suqəbuledicilər və maşın zalları inşa olunur, mürəkkəb dağlıq relyefdə ümumilikdə 11,4 kilometr uzunluğunda, 2 400 millimetr diametrli derivasiya boruları çəkilir.

Bununla yanaşı, Ağdərədə yerləşən 10,4 meqavat gücündə “Həsənriz” Su Elektrik Stansiyası müasir standartlara uyğun şəkildə yenidən qurulur. Eyni zamanda, 110/35/10 kilovoltluq “Həsənriz” yarımstansiyası da sökülərək ən son rəqəmsal texnologiyalar əsasında tam yenidən inşa edilir. “Həsənriz” yarımstansiyası istehlakçıların, o cümlədən sənaye müəssisələrinin enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, “Sərsəng” və bölgədə fəaliyyət göstərən digər su elektrik stansiyalarında istehsal olunan enerjinin ölkə enerji sisteminə təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edəcək.

Buna qədər isə regionun enerji infrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlardan biri kimi Kəlbəcərdən Ağdərəyədək 42 kilometr uzunluğunda, 110 kilovoltluq ikidövrəli “Kəlbəcər–Həsənriz” ötürmə xətti çəkilib. Xəttin Şuşa istiqamətindən gələn 110 kilovoltluq ötürmə xətti ilə əlaqələndirilməsi nəticəsində Qarabağ bölgəsində etibarlı, dayanıqlı və çevik dairəvi enerji təchizatı sxemi yaradılıb.

 Bununla yanaşı, Ağdərədə 14,7 meqavat gücündə yeni “Qozlukörpü” Su Elektrik Stansiyası tikilib və bu ilin yanvar ayında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub.

Beləliklə, Kəlbəcər və Laçın Şərqi Zəngəzur iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrildiyi kimi Ağdərə də, Qarabağ iqtisadi rayonunun “yaşıl enerji” mərkəzinə çevrilməkdədir. Həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, Qarabağın bərpası və iqtisadi inkişafına da mühüm töhfə verir.