Baş prokuror Kamran Əliyev Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sentyabrın 21-də Baş prokuror Kamran Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsinin rəhbəri Roberto Arbitrionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, qonaqları salamlayan Baş prokuror Roberto Arbitrionun sentyabrın 21–23-nü əhatə edən IV Bakı Təhlükəsizlik Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərini yüksək qiymətləndirərək, səfərin Baş Prokurorluqla BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, xüsusilə qurumun Terrorçuluğun qarşısının alınması şöbəsi arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Baş prokuror Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşən strateji mövqeyinin ölkəmizi transmilli təhdidlərə qarşı mübarizədə mühüm tərəfdaşa çevirdiyini qeyd edib. Azərbaycanın Orta Dəhliz boyunca təhlükəsizliyin təmin olunması, korrupsiyaya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahələrində müxtəlif təşəbbüs və layihələrin həyata keçirilməsində regionun fəal iştirakçılarından biri olduğu vurğulanıb.
Görüşdə son illərdə Baş Prokurorluq ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında konkret təşəbbüslər əsasında formalaşmış səmərəli əməkdaşlıqdan danışılıb.
Bu xüsusda 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində “İqlim fəaliyyəti naminə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda Yüksəksəviyyəli Plenar Sessiyanın uğurlu təşkili xatırlanıb.
Həmçinin 2025- cilin mayın 20-23-də Bakıda 92 ölkəni təmsil edən 120-dən çox dövlət qurumunun 300-dən artıq nümayəndəsinin iştirakı ilə BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsinin Altıncı Plenar İclasının yüksək səviyyədə keçirilməsinin tərəflər arasında əməkdaşlığın mühüm nümunələrindən biri olduğu qeyd edilib.
Görüş zamanı BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Terrorçuluğun qarşısının alınması şöbəsi ilə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanaraq, terrorçuluqla bağlı yeni və meydana çıxan təhdidlər, terrorçuluğun maliyyələşdirilməsi, terrorçuluqla mütəşəkkil cinayətkarlıq arasındakı əlaqələr, kritik infrastrukturun mühafizəsi, yeni texnologiyalardan və virtual aktivlərdən terror məqsədləri üçün sui-istifadə hallarına qarşı mübarizə kimi aktual istiqamətlər üzrə praktiki əməkdaşlıq imkanları müzakirə olunub.
Baş prokuror 26 sentyabr–1 oktyabrda Əbu-Dabidə keçiriləcək BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresinin əhəmiyyətinə toxunaraq, Konqres çərçivəsində təşkil olunacaq birgə əlavə tədbirlərlə bağlı Azərbaycan prokurorluq orqanları ilə BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi arasında sıx əlaqələndirmənin həyata keçirildiyini bildirib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə, ekoloji cinayətlərin qarşısının alınması, eləcə də cinayət ədliyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi ilə fəal və nəticəyönümlü tərəfdaşlığın davam etdirilməsinə xüsusi önəm verdiyi vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

